Danimarkada yaşayan həmyerlimiz, dünya şöhrətli həkim, Glostrup Hospitalinin Nervologiya şöbəsinin baş həkimi Məsud Aşinaya verilən professor elmi dərəcəsinin təqdimat mərasimi keçirilib.
Bu barədə Modern.az-a Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Kopenhagen Universitetinin professoru Hans Henrik Saxild Məsud Aşinanın elmi fəaliyyətindən, alimin Azərbaycan, Danimarka, eləcə də dünya tibb elminə verdiyi töhfələrdən, həmçinin həyata keçirdiyi layihələrdən bəhs edib.
Kopenhagen Tibb Universitetinin professoru Məsud Aşina tədbir iştirakçılarına özü haqqında məlumat verərkən bildirib ki, 1965-ci ildə Bakıda dünyaya gəlib, Azərbaycan Tibb Universitetini bitirib, aspiranturada təhsil aldıqdan sonra Danimarkada doktorluq dissertasiyası müdafiə edib. Danimarkada həkim kimi ilk olaraq Kopenhagenin Rigs xəstəxanasında fəaliyyətə başlayıb, sonra Glostrup xəstəxanasında bir çox layihələrin həyata keçirilməsinə rəhbərlik edib. Məsud Aşina uzun illərdir Danimarkada yaşamasına baxmayaraq, vətəni ilə sıx əlaqədə olması, Azərbaycanda bir sıra layihələr, o cümlədən Nervologiya üzrə beynəlxalq konfrans təşkil etməsi barədə danışıb.
Glostrup Hospitalının direktor müavini Per Jorgensen, “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Məsud Aşinanı yüksək elmi dərəcə alması münasibətilə təbrik ediblər.
Glostrup Hospitalinin Nervologiya şöbəsinin baş həkimi Məsud Aşina tibb sahəsində, xüsusilə miqrenin xəstəliyinin öyrənilməsi, müalicəsi ilə bağlı ciddi nailiyyətlər əldə edib. Bu sahədə 200-dən artıq məqalənin və 35-dən çox elmi kitabın müəllifi olan professor 2011-ci ildə “Nevrologiya” sahəsi üzrə “Mogens Fog” mükafatına layiq görülüb.
20 ildən çoxdur Danimarkada yaşayan Məsud Aşina “Vətən” Cəmiyyətinin İdarə Heyətinin üzvü və fəal diaspor nümayəndəsidir.


Gülşən RAUFQIZI