Müsavat Partiyasının Məclisi 27 sentyabr 2014-cü il tarixdə keçirilən qurultayla bağlı bəyanat qəbul edib. Modern.az saytına daxil olan bəyanatda qeyd olunur ki, Müsavat Partiyası yerli və beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edən, ictimaiyyət arasında “demokratiya dərsi” kimi qiymətləndirilən tarixi qurultayını keçirib.
" Azərbaycan tarixində ilk dəfə partiya nəzamnaməsində nəzərdə tutulan bir nəfərin ardıcıl iki dəfədən artiq partiya başqanın seçilməsini yasaqlayan müddəa tətbiq olundu. Əvvəlki başqan İsa Qəmbər partiya başqanlığına namizədliyini irəli sürmədi. Həm Müsavat partiyasının, həm də Azərbaycanin siyasət tarixində ilk dəfə partiyanın rəhbər strukturlarına alternativ əsaslarla,seçki kampaniyaları təşkil olunmaqla , bərabərhüquqlu rəqabət şəraitində azad və ədalətli seçkilər keçirildi.Təsadüfi deyil ki, Müsavat partiyasının 8-ci qurultayı uzun müddət Azərbaycan ictimaiyyətinin tam diqqət mərkəzində oldu.Hələ Qurultay keçirilməzdən əvvəl rayon təşkilatlarında keçirilən konfranslar və ümumi yığıncaqların protokolları hərtərəfli dəqiqləşdirmələrdən sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantılarında ayrı-ayrılıqda təsdiqlənib. Qurultay nümayəndələrinin yekun siyahısı da QHTK-nin iclasında yekdil səslə təsdiqlənib. Uzun illərdən bəri demokartik düşərgənin hakimiyyətə təklif etdiyi prinsiplərə uyğun olaraq Qurultayda paritet əsaslarla Seçki komissiyası yaradılıb. Müsavat Partiyasının qurultayı aşkar, şəffaf keçirilib. Partiyanın başqanlığına keçirilən seçkilərdə səslərin sayılması videokameraların çəklilişi, jurnalistlərin gözü qarşısında baş tutub. Bu, Azərbaycan tarixində keçirilən ilk seçkidir ki, səslərin hesablanması bilavasitə canlı yayımla internet televiziyası vasitəsilə translyasiya edilib. Paritet əsaslarla formalaşmış Seçki komissiyası seçkilərin nəticələrini yekdilliklə qəbul edib və yekun protokolu imzalayıb. Müsavat Partiyasının ali orqanı olan qurultay başqan seçkilərinin nəticələri barədə yekun qərar qəbul edib. Müsavat Partiyasının Qurultayının qərarı Müsavat Partiyası üzvlərinin iradəsinin ifadəsi deməkdir".
Bəyanatda qurultayda keçirilən səsvermənin nəticələrinə etiraz edənlər də tənqid olunub:
"Lakin səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvləri,eyni zamanda bəzi kənar qüvvələr Qurultayda hər hansı pozuntular barədə faktlar ortaya qoya bilməsələr də, təəssüf ki, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddilar irəli sürür, Qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa cəhd ediblər. Xüsusən oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən toplantıda həm əvvəlki, həm də yeni seçilmiş partiya rəhbərliyinin ünvanına bir sıra əsassız ittihamlar səsləndirilib. Müsavat Partiyasının Məclisi bu iddiaları partiyanın ali orqanı olan Qurultayın qərarlarına sayğısızlıq və Müsavat Partiyası üzvlərinin iradəsi ilə hesablaşmamaq cəhdi kimi qiymətləndirir və bunun partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan hərəkətlər olduğunu bəyan edir. Müsavat Partiyasının Məclisi həmçinin Qurultayda Məclisə üzv seçilmiş partiya üzvlərinin ünvanına deyilən aşağılayıyıcı fikirlərə qətiyyətlə etiraz edir, bu iddiaları irəli sürənlərdən belə fəaliyyətə son qoymağı tələb edir. Müsavat Partiyasının Məclisi bütün müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırır".
Qeyd edək ki, Müsavatın 27 sentyabrda keçirilən qurultayında Arif Hacılı əsas rəqibi olan Qubad İbadoğluna səs çoxluğu ilə qalib gələrək partiyanın başqanı seçilmişdi.
Arif Hacılın Müsavata sədr seçilməsindən sonra başqanlığa keçmiş namizədlər Qubad İbadoğlu və Səxavət Əlisoy onun fəaliyyətini kəskin şəkildə tənqid edən açıqlamaları ilə yadda qalıblar. Onu da bildirək ki, Səxavət Əlisoy qurultayın gedişində öz namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürmüşdü.
Modern.az