“Azərbaycanda bananla bağlı heç bir problem yoxdur. “Ebola” virusunun banan vasitəsilə keçməsi mümkün deyil. Çünki bu xəstəliyin özəlliyi ondan ibarətdir ki, yoluxma qida vastəsilə baş verə bilməz”.
Bunu Modern.az saytına Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O bildirib ki, Azərbaycana gətirilən bananlarda virusun olması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bir müddət əvvəl respublikanın baş pediatrı Nəsib Quliyev Modern.az-a “Ebola”ya yoluxma riskini nəzərə alaraq banandan istifadəni məqbul hesab etməyib.
Məlumat üçün bildirək ki, “Ebola” virusu - keçici Ebola hemorragik qızdırmasının səbəbi olan virusdur. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.
Hazırda dünyada bu virusdan ölənlərin sayının 5 minə yaxın olduğu bildirilir.
Gülşən RAUFQIZI