
Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb. Modern.az saytının məlumatına görə, iclasda çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Ukraynadakı parlament seçkilərindən danışıb. O bildirib ki, seçkilərin nəticələrinin mürəkkəbi qurumamış ABŞ seçkinin şəffaf keçdiyini bəyan edib.
YAP-çı deputat qeyd edib ki, ABŞ-ın Krım probleminin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını deməsi bəzi mətləblərdən xəbər verir: “Amma ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan ABŞ 20 il ərzində Qarabağ problemi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyib. Guya deyirlər ki, Azərbaycanda seçkilər şəffaf keçirilmir”.
Onun fikrincə, Minsk qrupunun həmsədr ölkələri bütün dövlətlərə ədalətli mövqe sərgiləməlidir. YAP rəsmisinin sözlərinə görə, Milli Məclis bununla bağlı Minsk qrupunun həmsədrlərinə müraciət ünvanlamalıdır: “ Neçə ildir ki, bölgəyə turist səfərləri edən həmsədrlər heç Qarabağla bağlı düzgün informasiyalar da çatdırmırlar. Ona görə də təklif edirəm ki, Milli Məclis həmsədr ölkələrə bir müraciət ünvanlasın”.
Aqşin KƏRİMOV