Modern.az

“Gün olacaq Anarın gözlərini qamaşdıran bu günəş Vətənimizin üzərinə doğacaq”

“Gün olacaq Anarın gözlərini qamaşdıran bu günəş Vətənimizin üzərinə doğacaq”

Təhsil

28 Oktyabr 2014, 17:33

Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan mediasının 30-dan artıq əməkdaşının qatıldığı cəbhəyanı bölgələrə səfərimiz geniş və maraqlı təəssüratlarla yadda qaldı.

Sübh tezdəndir, soyuq bir payız səhəridir...Yol bizi Azərbaycanın qərb bölgəsinə - Tovuz və Qazax rayonlarının Ermənistanla sərhədindəki kəndlərə doğru aparır. Azərbaycan mediasının 30-dan çox nümayəndəsi ilə yola çıxdığımız həmin günü, sən demə, bu bölgənin müəllim və şagirdləri ilə yanaşı, kənd sakinləri də səbirsizliklə gözləyirlərmiş.

Çiliklənmiş şüşələr...dəlik-deşik olmuş yazı lövhəsi...od püskürən uşaqlar

Tovuz rayonunun Hacallı kəndinə ilk girdiyimizdə əsgərlərin addım səsləri ilə qarşılaşırıq. 
Budur, artıq məktəbə çatdıq. Yerli sakinlərin belə bu görüşdən məmnunluğu aydın sezilir. Gəlişimizin məqsədini söyləyirik – məlumatı ilk mənbədən almaq, cəbhəyanı bölgələrdəki real vəziyyəti görmək, təhsilin vəziyyəti ilə tanış olmaq.
...Hacallı Tovuz çayının sahilində, dağətəyi ərazidə, düşmən səngərinə yaxın mövqedə yerləşir. 
Hacallı kənd tam orta məktəbi Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin adını daşıyır. Məktəb yeni təmir olunub. Lakin bu ilin avqustunda təhsil ocağı iriçaplı silahlardan atəşə tutulub, düşmən güllərinə tuş gəlib. Çiliklənmiş şüşələr, dəlik-deşik olmuş yazı lövhəsi, məktəbin keçmiş binasının darvazası nə müəllimləri, nə də ki, şagirdləri qorxudur. Onlar bu real təhlükədən çəkinmədiklərini, düşmənlə üzbəüz dayanmış Azərbaycan əsgərinə güvəndiklərini söyləyirlər. 
Məktəbin direktoru Mehriban Rüstəmova atəş səsləri eşidilən an şagirdlərin təhlükəsizliyi üçün görülən tədbirlərdən, bütün təhlükələrə rəğmən tədrisin öz axarı ilə davam etdirildiyindən danışır.
Gözlərindən düşmənə qarşı od püskürən, vətənpərvərlikləri ilə insana qürur verən bu şagirdlər belə bir şəraitdə - barıt qoxulu, top-tüfəng səsli məkanda təhsillərini davam etdirəcəklərini, hətta gələcəyin hərbiçisi olacaqlarını deyirlər. 
Məktəbdə dərslər sevə-sevə, fədakarlıqla tədris edilir. Bu fikrə gəlməyimizin səbəbi elə dərslərini dinlədiyimiz müəllimlərdir.
Ən sevindirici hal isə bax bu faktlardır –ötən tədris ilində məktəbi bitirən 37 şagirddən 9-u ali məktəbə, 3 nəfəri isə kolleclərə daxil olub. Onlar arasında 650-dən çox bal toplayan şagirdlər də olub. 
... Artıq qərb bölgəsindəki “N” saylı hərbi hissəyə üz tutmaq üzrəyik. Bizi məktəblilərin yüksəkdə dalğalanan üçrəngli bayrağımız altında dövlət himnini səsləndirməsi müşayiət edir... Bu isə qəlblərə fərəh gətirən, insana qürur bəxş edən möhtəşəm andır...Və hələ neçə nəslimizin vətənə, torpağa məhəbbət ruhunda yetişməsinin daha bir sübutudur.

Düşmən sipəri əsgərlərimiz

Hərbi hissəyə gəlişimiz günorta saatlarına təsadüf edir. Düşmən sipəri olan əsgərlərimizin necə məğrur və qorxmaz olduqlarının bir daha şahidi oluruq.
Biz burda olduğumuz zaman X-XI sinif şagirdlərinə gənclərin çağırışaqədərki hazırlıq dərsi tədris olunurdu. Bu fənni tədris edən müəllim şagirdlərə döyüş silahlarının istifadə və tətbiqi qaydalarını öyrədirdi.
Burada media nümayəndələrinə və şagirdlərə döyüş texnikası, hərbi sursatlar əyani olaraq nümayiş edilirdi.
Hərbi hissədə Azərbaycan istehsalı olan ən son silahlarımız - “İstiqlal” snayperimizin istifadə və texniki imkanları, düşmən postlarından açılan atəş nöqtələrinin məhz həmin silahlar vasitəsilə necə susdurulması barədə də ətraflı məlumat verilir.

Aslan ürəkli aslanbəylilər... Qazaxın hərbçi oğulları

Səhəri gün istiqamətimiz Ermənistanla sərhəddə yerləşən digər bir kəndə - Aslanbəyliyədir. Yolboyu ərazilərdə və daha sonra Qazax rayonu Aslanbəyli kənd tam orta məktəbində gördüyümüz lövhələr sizcə bizə nədən xəbər versə, yaxşıdır? Minalardan və partlamamış hərbi sursatlardan. “Minalara toxunmayın!” sözləri yazılan bu lövhələr hər an ehtiyatlı olmağı, şübhəli əşyalara rast gəldikdə lazımi yerlərə müraciət etməyi bir daha xatırladır.
Düşmənlə 3 km məsafədə yerləşən Aslanbəyli kənd orta məktəbinə çatar-çatmaz kənd sakinləri bizi böyük əhval-ruhiyyə ilə qarşılayırlar. Hər kəs bu gəlişin onlar üçün əsl toy-bayram olduğunu deyir və əhaliyə ruh yüksəkliyi verdiyini söyləyir. Ötən tədris ilində Aslanbəyli kənd tam orta məktəbinin məzunlarının 20 faizindən çoxunun yüksək bal toplayaraq müxtəlif ali və orta ixtisas məktəblərinə, o cümlədən məktəbin 36 məzunun hərbi ali təhsil müəssisələrinə qəbul olunması isə ən uğurlu fakt kimi diqqət çəkməyə bilməzdi. 
Peşəsini sevən, uşaqları hərtərəfli yetişdirməyi hər şeydən öndə tutan müəllimlər çalışır bu məktəbdə. Həmin müəllimlərdən biri 2013-cü ildə imtahanda iştirak edərək 31 bal toplayıb, Ağstafa rayonundan olmasına baxmayaraq, bu kənddə işləməyi üstün tutub. 
Qazax rayonu Çaylı kənd Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbində də sərhədyanı bölgə olduğundan gənclərin çağırışaqədərki hazırlıq dərslərinə ciddi fikir verilir. 2013-cü ildə əsaslı təmir olunan 640 yerlik məktəbdə 527 şagird təhsil alır. Məktəbin 49 məzunundan 17-si müxtəlif ali təhsil müəssisələrinə daxil olub. Onlardan ikisi qəbul imtahanlarında 600-dən çox bal toplayıb. 
İstər Tovuzun Hacallı, istərsə də Qazax rayonunun Aslanbəyli və Çaylı kənd 2 nömrəli tam orta məktəblərində məzunların daha çox hərbi təhsil almağa üstünlük verməsi diqqətimizi xüsusilə çəkdi. Hər üç məktəbdə gənclərin hərbi dərslərə olan marağını, hərbi sursatlarla daha yaxından tanış olmağa can atmağını onların düşməndən qisas almaq, vətəni qorumaq istəyi ilə əlaqəndirsək, əslində daha düzgün olardı. Dediklərimizi şagirdlərin düşmənə qarşı nifrət oxunan gözlərindən də hiss etmək mümkün idi.

Əsl təşəkkür sahibləri

Səfərdə sezdiyimiz digər bir məqam isə media nümayəndələrinin məlumatı operativ çatdırmaq üçün cani-dildən çalışması idi. Kimi bir-birinə çəkdiyi foto-şəkli ötürür, kimi yazdığı məlumatı bir daha dəqiqləşdirir, kimisi isə diktofondakı səs yazılarını köçürürdü. Bütün bunlar yolda, məktəb dəhlizində, avtobusda baş verirdi. Bir sözlə, informasiyanın ilkin ötürülməsi üzrə əsl rəqabət gedirdi. 
Burda bir məsələni xüsusi olaraq vurğulamaq istərdik ki, səfər müddətində onlayn və çap mətbuatın əməkdaşları təkcə informasiya verməklə qənaətlənmədi, hətta səhəri gün onları gərgin iş gözləməsinə baxmayaraq, səhərəcən işlədilər, reportaj hazırlamaqla məşğul oldular. Bu isə vətənpərvərlik nümunəsi, əsl təşəkkürə, alqışa layiq mükəmməl bir iş demək idi.

O gün gələcək...

Bölgəyə səfərimizin ilk günündə kənddə uzaqdan toy sədaları gəlirdi... Ayrılarkən isə azyaşlı Anarın bizi Bakıya geri gətirən avtobusa tərəf qaçdığını gördük. Nə isə unutduğumuzu düşündük. Yamanca tövşüyürdü, gün şüası düşdüyündən gözlərini qıyaraq dedi: “Məndən də yazın, mən də böyüyüb oxuyacam, hərbiçi olacam, qardaşım kimi”- əslində bu, körpə balaların belə əsl vətənpərvər olmasının, orduya necə həvəs göstərməsinin sübutu idi.
Gün olacaq, zaman gələcək, Anarın gözlərini qamaşdıran bu günəş Vətənimizin üzərinə doğacaq. O gün yaxındadır, əzizlərim, lap yaxında.

P.S. Bu yazını bitirərkən bayırda yağış yağırdı. Bu isə yolumuzun aydınlığa qovuşacağının xəbərçisi idi. Uğur olsun!

Billurə Hacızadə, 
Təhsil Nazirliyinin İnformasiya şöbəsi QHT və KİV-lə iş sektorunun baş məsləhətçisi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı