“2015-ci ildə elm sahəsinə 142,5 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 5,5 milyon manat (21,8 faiz ) çoxdur”. Bunu Modern.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Musa Qasımlı deyib.
Onun fikrincə, ayrılan vəsait fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat qurumlarının həyata keçirəcəyi elmi işlərin maliyyələşdirilməsinə xərclənəcək:
“2015-ci ildə elm xərclərində, elmi-tədqiqat layihələrinin Azərbaycan Prezidenti Yanında Elm Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,6 milyon manat, latın qrafikalı kitabların çapı üçün 5 milyon, elmi obyektlərin yenidən qurulması və əsaslı təmir üçü 2 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 milyon manat vəsait nəzərdə tutulub”.
Musa Qasımlının sözlərinə görə, Azərbaycan Prezidenti yanında Bilik Fondunun fəaliyyəti üçün 1 milyon manat vəsait nəzərdə tutulub.
Büdcədə nəzərdə tutulan təhsil xərcləri barədə məlumat verən deputat təhsil sahəsinə təqribən 1 milyard 711 milyon manat ayrıldığını deyib. O, bunu əvvəlki illərlə müqayisə edib:
“Bu vəsait 2014-cü il ilə müqayisədə 57, 7 milyon manat (3, 5 faiz,) çoxdur. 2013-cü il illə müqayisədə isə 273, 5 milyon (19 faiz) çoxdur. Təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulan maliyyələrin dövlət büdcəsindəki xüsusi çəkisi 8,1 faizdir”.
Məltəm TALIBZADƏ