“Siyasətçilər məsuliyyətli olmalıdır”. Modern.az saytının APA-ya istinadən verdiyi məlumata görə bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı söyləyib.
Dövlət başçısı populist vədlər verən siyasətçilərin xalqları üçün problem yaratdığını vurğulayıb: “Siz gənclər gələcəyin siyasətçilərisiniz. Seçkilərdə siyasətçilər müxtəlif vədlər verir, maaşları, pensiyaları artıracaqlarını bildirirlər. Seçiləndə isə bu vədləri yerinə yetirməlidirlər. Vədləri yerinə yetirmək üçün beynəlxalq maliyyə təşkilatlarından maliyyə alırlar. Bu borc isə ölkələri ağır duruma salır, nəticədə iş yerlərinin, pensiyaların, maaşların azaldılmasına gətirib çıxarır. Ona görə də siyasətçilər reallıqdan çıxış etməlidirlər. Bu halda investorları ölkəyə cəlb etmək olar”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda islahatların həyata keçirilməsi davam etdirilir: “Azərbaycan iqtisadiyyatının dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatları sırasındadır.
Ölkədə işsizliyin səviyyəsinin minimuma endirilməsinə nail olunub. Azərbaycan iqtisadiyyatı dayanıqlıdır. Gənclər Forumunun iştirakçıları Azərbaycan barədə daha çox məlumat əldə etmək imkanı qazanacaqlar. Azərbaycan gənc, dinamik inkişaf edən ölkədir. Gənclər isə cəmiyyətin dinamik, hərəkətverici qismidir”. “Bir çox ölkələr iqtisadi baxımdan asılı olduqları üçün siyasi baxımdan da asılıdırlar”
Dünyanın Azərbaycanı regionda sabitlik faktoru kimi qəbul etdiyini söyləyən dövlət başçısının sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə bir çox layihələr həyata keçirilir: “Sabitlik olmadan inkişaf mümkün deyil. Biz təcrid olunmuş adada yaşamırıq, qonşularımız var. Regional təhlükəsizliyə, əməkdaşlığa bu baxımdan yanaşırıq. Birgə əməkdaşlıq nəticəsində biz maksimum uğurlar qazanmısıq. Enerji resursları ilə bağlı layihələr üzrə tərəfdaşlıqdan hər kəs qazanıb. Azərbaycan müstəqillik qazanan dövrdə iqtisadiyyat çökmüşdü, torpaqlarımız işğal olunurdu.
Ötən dövr ərzində iqtisadi islahatlar həyata keçirilib, iqtisadi inkişafa, sabitliyə nail olunub. İqtisadi uğurlar ölkəmizin iqtisadi və siyasi müstəqilliyini təmin etməyə imkan verib. Bir çox ölkələr iqtisadi baxımdan asılı olduqları üçün siyasi baxımdan da asılıdırlar”. İlham Əliyev Azərbaycanın gözəl gələcəyinin olduğunu söyləyib. “Gənclərimiz bu gün sərhədlərimizi müdafiə edir, işğalçılardan torpaqlarımızı qoruyur. Ermənistanın işğalçılıq siyasətindən gənc azərbaycanlılar da ziyan çəkib”.
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycan xalqı əsrlərlə bu torpaqda yaşayıb: “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyon insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Xocalıda soyqırım törədilib, 600 nəfər uşaq, qadın və yaşlı insan qətlə yetirilib”.
BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə 4 qətnamə qəbul etdiyini xatırladan prezident qeyd edib ki, bəzən Təhlükəsizlik Şurasının qətnamələri 1 gün ərzində yerinə yetirilir, bəzən isə kağız üzərində qalır. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruri olduğunu söyləyib.
Modern.az