Modern.az

Kəlbəcərli girovların məhkəməsi qanunidirmi? - EKSPERT RƏYİ

Kəlbəcərli girovların məhkəməsi qanunidirmi?  - EKSPERT RƏYİ

Təhsil

29 Oktyabr 2014, 13:36


Bu il iyulun əvvəllərində Azərbaycan vətəndaşları, 54 yaşlı Dilqəm Əsgərovu və 46 yaşlı Şahbaz Quliyevi Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda yerli separatçılar həbs ediblər. Digər Azərbaycan vətəndaşı, 37 yaşlı Həsən Həsənov isə hadisə zamanı öldürülüb. Separatçı Qarabağ rejimi rəsmi Yerevanın göstərişi ilə həbs olunan vətəndaşlarımıza qondarma cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürüblər və Xankəndi şəhərində “məhkəmə prosesi” qurulub. Bu isə dünyanın heç bir ölkəsinin tanımadığı, beynəlxalq hüquq sistemindən təcrid olunan nəzarətsiz ərazidə keçirilən məhkəmə prosesinin beynəlxalq hüquq baxımından nə dərəcədə düzgün olması ilə bağlı suallar doğurub.

Doğurdanmı, BMT daxil olmaqla bir çox nüfuzlu təşkilatların Azərbaycan ərazisi kimi tanıdığı Qarabağda Azərbaycan vətəndaşını qanunsuz rejim mühakimə edə bilər? Bəs, hər kəsin öz ölkəsi daxilində sərbəst hərəkət etmə hüququ necə olacaq?      

Məsələ ilə bağlı Modern.az saytına danışan  Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Dağlıq Qarabağ ərazisində azərbaycanlıların mühakimə olunmasını absurd adlandırıb. Onun sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi humanitar çərçivədədir və bu əsnada onlar rəsmi Bakıya təhvil verilməlidir:   “Dağlıq Qarabağ tanınmamış dövlətlər beynəlxalq birliyinin üzvü olmayan, beynəlxalq hüquqi konvensiyaların fəaliyyət göstərmədiyi ərazidir. 1949-cu il Cenevrə Konvensiyası humanitar hüquqla bağlıdır. Girovlarla bağlı məsələ bu konvensiyaya aiddir. Lakin təəssüf ki. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti bu məsələdə ciddi aktivlik nümayiş etdirmir. Halbuki, bu onların səlahiyyətində olan məsələdir. Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ölkələrinin ərazisində sərbəst hərəkət etmək hüququna malikdirlər.  Beynəlxalq birliyin tanımadığı, heç bir beynəlxaql konvensiyaya qoşulmayan Dağlıq Qarabağda azərbaycanlı girovların məhkəməsinin keçirilməsi absurddur. Onlar qısa zamanda Azərbaycana geri qaytarılmalıdır”.    

Ötən gün Milli Məclisin iclasında çıxış edən Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli də bu məsələyə toxunub və kəlbəcərli girovların azad olunmasını tələb edib: “Öz ölkəsinin sərhədləri daxilində hərəkət etmək hər bir vətəndaşın əsas azadlıqlarındandır və Avropa İnsan Hüquqları Konvensiyası (Maddə 2) ilə yanaşı, Dünya İnsan Hüquqları Bəyannaməsinin (Maddə 13), İrqi Diskriminasiyanın bütün növlərinin ləğvi haqqında Beynəlxalq Konvensiya (Maddə 5), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiya (Maddə 12) və eləcə də digər beynəlxalq sənədlərdə qəti şəkildə təsbit edilib Qeyd edilənləri və beynəlxalq hüququ nəzərə alaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad edilməsini Ermənistan və ona dəstək verənlərdən tələb edirik. Azərbaycandan səbir və sülhməramlı olmasını istəyən beynəlxalq təşkilatlar və bəzi dövlətlər bu istiqamətdə əməli addımlar atmalıdırlar”.  

Xatırladaq ki, analoji insidentlər post-sovet məkanının digər tanınmamış respublikalarında da baş verib. Məsələn, 2009-cu ilin martında separatçı Cənubi Osetiya qüvvələri Gürcüstan vətəndaşları Aleko Çabadze, Levan Xmisuaşvili, Biktor Buçukuri və Georgi Romelaşvilini həbs etmişdilər. Onlar üzərlərində qanunsuz silah və partlayıcı maddələr gəzdirməkdə ittiham olunurdular. Həmin vətəndaşlar Cənubi Osetiya “məhkəmə”si tərəfindən mühakimə olunsalar da, bir neçə aydan sonra Gürcüstan tərəfinə təhvil verildilər. Onların azad olunmasında Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti əsas vasitəçi rolunu oynamışdı. Azərbaycan tərəfi kəlbəcərli girovlarla bağlı məsələdə bu humanitar təşkilatdan eyni aktivliyi gözləyir.      

Vüqar İsmayılov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı