Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Paris görüşünün nəticələri haqda erməni jurnalistlərinə açıqlama verib. O, prezidentlər Serj Sərkisyanla İlham Əliyev arasında keçirilən görüşü “faydalı, səmimi və konstruktiv görüş” kimi xarakterizə edib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Nalbandyan son 3 ayda prezidentlərin sayca 3-cü görüş keçirməsini Minsk qrupuna həmsədr ölkələrin fəallığı kimi qiymətləndirib.
“Son 3 ayda Qarabağ münaqişəsinin həlli ilə bağlı bu sayca 3-cü görüşdür. Bu həmsədr ölkələrin münaqişənin həlli ilə bağlı birgə səylərinin göstəricisidir. Görüş zamanı münaqişə ilə bağlı çoxsaylı məsələlər müzakirə olundu. Kifayət qədər maraqlı müzakirələr keçdi. Görüş zamanı prezidentlərə imkan yaradıldı ki, bir sıra regional və beynəlxalq məsələlərə toxunulsun. Bu müzakirələr göstərdi ki, bəzi məsələlərlə bağlı Azərbaycanın və Ermənistanın mövqeləri bir-birinə yaxın ola bilər”- deyə Nalbandyan deyib.
Görüşün nəticlərini şərh edən erməni xarici siyasət idarəsinin rəhbəri tərəflərin yaxınlaşmağa doğru addım atdıqlarını bildirib.
“Paris görüşü zamanı tərəflərin yaxınlaşmasına doğru addım atılıb. Soçi və ilk Paris görüşü ilə müqayisədə bu dəfə tərəflərin əhvalında müsbət dəyişikliklər oldu. Əlbəttə, bu çətin prosesdir. Bir, ya bir neçə görüş keçirməklə danışıqlarda dönüş yaratmaq olmur. Bilirsiniz, 2008-ci ildən bəri Azərbaycan və Ermənistan prezidentləri 17 görüş keçiriblər. Deyədim ki. bu görüşlər iki dövlət başçısına bir-birilərinin yanaşması ilə daha yaxın tanış olmağa imkan yaradıb. Hesab edirəm ki, bu mənada Paris danışıqlarının nəticələri uğurludur”.
Vüqar İsmayılov