Baş Dövlət Yol Polisi İdarəsi, Mətbuat Şurası və “Polisə dəstək” İctimai Birliyi 2 iyul - Polis günü münasibətilə KİV təmsilçiləri arasında “Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda yazı müsabiqəsi elan etmişdi.
Müsabiqədə 3 birinci, 3 ikinci və 3 üçüncü yer nəzərdə tutulurdu. Lakin aylar keçməsinə baxmayaraq, müsabiqənin nəticəsi hələ də elan olunmayıb.
“Hələ gözləyirik. Nəticənin açıqlanmasını müəyyən əlamətdar hadisə olan gün təşkil etmək istəyirik. Yəqin ki, yaxın vaxtlarda nəticələr elan olunacaq”.
Bunu Modern.az-a məsələyə münasibət bildirən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, müsabiqənin yekunlarının elan olunmasının gecikməsinə səbəb yay aylarında redaktorların və məmurların Azərbaycanda olmaması idi.
"Avqust ayında səlahiyyətli şəxslərin əksəriyyətinin Azərbaycanda olmaması bizim işimizi ləngitdi. Müsabiqənin maliyyəsi hazırdır. Yaxın vaxtlarda elan edəcəyik”.
Xatırladaq ki, müsabiqədə I yer üçün 800 manat, II yer üçün 500 manat, III yer üçün 300 manat mükafat nəzərdə tutulub. Müsabiqəyə iyunun 11-dən 28-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılıb. Nəticələrin iyulun 2-də elan ediləcəyi bildirilmişdi.
Məltəm TALIBZADƏ