
“Amerikanın azərbaycanlı girovlardan xəbərsiz olması təəssüf doğurur. Amerika ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Təbii ki, biz hər zaman həmsədr ölkələrdən məsələlərə obyektiv yanaşma gözləmişik”. Bunu Modern.az-a Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib.
Onun fikrincə, ABŞ Azərbaycan vətəndaşlarını girov götürən erməni separatçılarına Dağlıq Qarabağda cinayət törətdiklərinə görə də ciddi xəbərdarlıq etməlidir.
Asim Mollazadə ABŞ Dövlət Departamentinə girovlarla bağlı ismarıc da yollayıb: “ABŞ Dövlət Departamentindən xahiş edirik ki, bu məsələ ilə bağlı ciddi mövqe ortaya qoysun. Bundan əlavə, ABŞ hökuməti bununla bağlı yetərincə informasiya toplayaraq Ermənistana qarşı müvafiq fikirlər səsləndirməlidir. Onlar bununla bağlı tədbir görməsələr, cinayətlərin sayı çoxalacaq”.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Dağlıq Qarabağdakı separatçı rejimin girov götürdüyü iki Azərbaycan vətəndaşı ilə bağlı qondarma məhkəmə prosesini şərh etməyib. Dövlət Departamentinin sözçüsü Cen Psaki bir neçə gün öncə keçirilən brifinqdə deyib ki, ona məlum olduğu qədər ABŞ-ın xarici siyasət idarəsinin bu prosesdə heç bir iştirakı yoxdur: “Biz bununla bağlı ətraflı informasiyaya malik deyilik”.
Namidə BİNGÖL