
Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərova Xankəndidə qurulan qondarma məhkəmə prosesi onların müdafiəsi ilə bağlı cəmiyyətdə fərqli yanaşmalara səbəb olub. Bəziləri onların müdafiəsi üçün Xankəndinə getmək istədiyini söyləyir. Amma nəzərə almaq lazımdır ki, belə bir addımın atılması qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması kimi qiymətləndirilə bilər.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Modern.az-a açıqlamasında bu istəkdə olanları “ucuz şoumen” adlandırıb: “Əgər Şahbaz və Dilqəmin müdafiəsi üçün Ağdamdan keçib Xankəndinə gedəcəklərsə, mən o müdafiəçiləri alqışlayaram. Yox, əgər Ermənistandan, Moskvadan təyyarə ilə uçub gedəcəklərsə, bunu qəbul etmirəm, hətta onlara xəyanatkar deyərəm. Bu, düşmən dəyirmanına su tökmək kimi bir şeydir”.
Keçmiş döyüşçü gec-tez o torpaqlara qayıdacağımıza əmindir: “Amma indi girovların müdafiəsinə getmək istəyirləsə, bir yol var - o da Ağdamdan keçir. Başqa yolu seçənlər mənim üçün ucuz “şoumenlər” dir”.
Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Oktyabr ayının 27-də həmvətənlərimizə qarşı bir neçə maddə ilə ittiham irəli sürülərək məhkəmə keçirilib. Məhkəmədə söz verilərkən onlar, ata-analarının qəbirlərinin ziyarətinin cinayət olduğunu bilmədiklərini deyiblər.
Gülşən RAUFQIZI