Cəbhənin ön sıralarında olan Ağdamın Quzanlı kəndində futbol şöləni keçirilib. AFFA-nın birbaşa dəstək olduğu yarışda əsas məqsəd regionlarda futbolun inkişafına stimul vermək, regionlardan olan gənclərin bu idman növünə marağının daha da artırılmasıdır. Tədbirin açılış mərasimində çıxış edən AFFA-nin vitse-prezidenti, millət vəkili Rauf Əliyev qeyd edib ki, futbolun inkişafı prioritet sahələrdən biridir. R.Əliyev qeyd edib ki, dövlət başçısı İlham Əliyevin futbolun inkişafı ilə bağlı imzaladığı sərəncam bu idman növünün daha da inkişafına böyük töhfələr verir.
R.Əliyev AFFA-nın bu istiqamətdə həyata keçirdiyi işlərdən danışıb. Qeyd edib ki, Quzanlıda “Açıq Əyləncəli Futbol Məktəbi”-nin açılışı da görülən işlərin tərkib hissəsidir. Tədbirdə çıxış edən Ağdam rayon icra hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov Ağdamda futbolun inkişafı ilə bağlı görülən işlərdən danışıb. O, futbol məktəbinin açılışının bu oyuna olan marağı daha da artıracağını vurğulayıb.


