Modern.az

Bakıda bal yarmarkasının son günü - 1 kq bal alana 1 kq da hədiyyə edildi

Bakıda bal yarmarkasının son günü - 1 kq bal alana 1 kq da hədiyyə edildi

Təhsil

30 Oktyabr 2014, 17:33


“Bu günə qədər yarmarkada 180 tondan çox, respublikanın müxtəlif bölgələrindən gətirilən məhsulun 80 faizi satılıb”. Bu məlumatı Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev verib:

“Oktyabrın 1-dən fəaliyyətə başlayan arıçılıq məhsullarının respublika sərgisi uğurla başa çatdı.  Bu gün yarmarkaya gələnlərin sayı çox idi. Qiymətlər endirilmişdi. İlk vaxtlar 30-40 manata satılan ballar bu gün 10-15 manata idi. Biz əvvəlcədən elan etmişdik ki, bu gün endirim olacaq. Bəzi istehsalçılar məhsullarını geri qaytarmamaq üçün kampaniya keçirirdilər. Onlar 1 kiloqram bal alana bir bu qədər də hədiyyə edirdilər”.

Murtuzəli Hacıyevin fikrincə, builki yarmarkadan həm istehsalçılar, həm də alıcılar razılıq ediblər: “Bu il bir sıra yeniliklər oldu. Qiymətlərin müəyyənləşdirilməsi sərbəst idi.  Yarmarka iqtisadi cəhətdən çox səmərəli oldu. Gələn il yarmarkanın daha mükəmməl keçirilməsi üçün artıq nazirlikdə metodik tövsiyələr hazırlanır, müzakirələr davam edir”.

Onun sözlərinə görə, yarmarkaya çıxarılan arıçılıq məhsulları xüsusi mühafizə olunan anbarlarda saxlanılıb və gətirilən məhsulların 2 faizə qədəri anbarda qalmayıb.

Yarmarkaya çıxarılan məhsullar sentyabrın 10-dan xüsusi mühafizə edilən anbarlara toplanıb və respublika baytarlıq laboratoriyasında gizli kodla müayinəyə cəlb edilib.  Müayinələrin nəticəsinə görə normativ tələblərə cavab verməyən məhsul gətirən 8 arıçı yarmarkaya buraxılmayıb  və 3530 kiloqram keyfiyyətsiz balın satışına icazə verilməyib. Yarmarkaya ölkənin 40 rayonundan 438 arıçı qatılıb.

Məltəm TALIBZADƏ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı