Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində növbəti qanunsuzluq aşkarlanıb. Modern.az-a nazirliyin analitik-informasiya şöbəsindən verilən məlumata görə, müəyyən edilib ki, Bərdə rayonunun Zümürxaç kənd sakini, 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyatda olan Fərrux Bayramov (VÖEN: 4000286482) vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsinə məsuliyyət daşıyan cavabdeh şəxs kimi sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Vergi Məcəlləsinin bir neçə maddəsinin tələblərini pozaraq, respublikanın müxtəlif rayonlarından 1,6 milyon manat məbləğində kənd təsərrüfatı məhsullarının alınaraq Rusiyaya ixrac edilməsindən əldə etdiyi gəlirdən 185 min 901 manat məbləğində fiziki şəxslərin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Məlumatda qeyd edilir ki, F.Bayramov 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan fərdi sahibkarlar Asif Xəlilovun, Arzu Nuruyevin, Cəmaləddin Orucovun və Orxan Orucovun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirib, onların adından Azərbaycan ərazisində müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının alnmasını və həmin məhsulların Rusiyaya ixrac olunmasını təşkil edib. Bu zaman o, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, ümumilikdə külli miqdar təşkil edən 733 min 769 manat məbləğində fiziki şəxslərin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bu səbəbdən şübhəli şəxs qismində saxlanılan F.Bayramov barəsində oktyabrın 24-də Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gülşən RAUFQIZI