
Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə bu gün Kəlbəcər girovlarından biri Şahbaz Quliyevin Bakıda yaşayan ailəsinə baş çəkib. Modern.az saytı xəbər verir ki, Milli Məclisin üzvü bu barədə belə deyib:
“Bu gün Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcərdə girov götürdüyü Azərbaycan vətəndaşı Şahbaz Quliyevin yaxın qohumu Ramizlə birlikdə onun evinə getdim. Şahbazın ailəsi kirayədə yaşayır. Evin şəraitindən zəhmətkeş ailəsi olduğu görünür. Şahbaz uzun müddət Rusiyada yaşayıb, gec ailə qurub, indi yoldaşı və qızı Elza onun yolunu gözləyirlər.
Torpağa çox bağlı, qorxmaz, cəsarətli bir insan olduğunu söylədilər. Evdə hara getdiyindən xəbərləri olmayıb. Ailə ilə yaxın qohumlar maraqlanırlar. Şahbazın anasının və qızının bu günlərə qədər onun taleyindən xəbəri olmayıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun ailə ilə daim maraqlandığını söylədilər.
Həyat yoldaşına və qohumuna Şahbaz Quliyevin və Dilqəm Əsgərovun taleyi ilə hər kəsin maraqlandığını və Azərbaycan dövlətinin öz oğluna sahib çıxdığını söylədim.
Ailə üzvləri girovların üzərində qurulan saxta məhkəmədən narahat olduqlarını bildirdilər. Ailə üzvləri Şahbaz və Dilqəmin sağlamlığından ciddi narahatdırlar. Deyirlər ki, hadisə baş verənə qədər 140 kiloqram çəkisi olan Şahbazın “məhkəmədəki” görüntüləri onlara normal baxmadıqlarından xəbər verir.
Şahbazın ailəsinə onun tezliklə vətənə qayıdacağına inandığımızı və gələn dəfə artıq onunla görüşə gələcəyimi bildirdim”.



Elmin Nuri