Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunan müşavirə keçirilib. Bu barədə Modern.az-a Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva məlumat verib.
Məlumata görə DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, artıq Aşura mərasimləri ilə bağlı tədbirlərin icrasına başlanılıb. Onun sözlərinə görə, komitə Bakı ilə yanaşı, Gəncə və Qəbələ şəhərlərində 16 noyabr beynəlxalq tolerantlıq gününə həsr olunan tədbirlər də keçirəcək.
Dövlət müşaviri Kamal Abdullayev bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərdə qaldırılan məsələlər və verilən tapşırıqların icra vəziyyəti ilə maraqlanıb. Onun sözlərinə görə, ölkəmizdə mövcud olan dinlərə dövlətin münasibəti dərin tarixi ənənələrə söykənir.
Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalıdır.
Gülşən RAUFQIZI