Anar Bayramoğlu
Yazıya haradan başlayacağımı düşündüm. On bir il öncədənmi, yoxsa elə bu gündənmi? Adını xatırlamadığım müdriklərdən biri deyib ki, keçmişdən yazılanlar xatirələr, gələcəkdən yazılanlar arzulardır. Amma bu gündən yazılan reallıqdır. Ona görə də bu gündən, reallıqdan yazacam.
İnsanın işlədiyi yer haqqında tərif deməsini, gəlişi gözəl sözlər söyləməsini heç vaxt bəyənməmişəm. Adım kimi əminəm ki, işlədiyim məkanın da mənim tərifimə ehtiyacı yoxdur. Ona görə də indi iş yerim haqqında qələmə alacağım fikirlərimin oxucular tərəfindən tam səmimi qarşılanacağını düşünürəm.
Bu gün ölkənin populyar, oxunan, üzdə olan 3-4 qəzetindən biri, "Şərq" qəzetinin 18 yaşı tamam olur. Bu qəzetin Azərbaycan ictimai-siyasi, sosial, mədəni həyatında hansı rol oynadığını sadəcə onun tarixinə baxmaqla bilmək mümkündür. 18 il dayanmadan oxucuların görüşünə gəldiyini dərindən fikirləşmək kifayətdir ki, nəşr haqqında təsəvvür yaransın. 18 il Azərbaycanın müstəqillik yaşından 5 il az deməkdir. Loqosunda "Ən çox oxunan qəzet" sözləri də gəlişi xoş sözlər deyil.
Bugünkü mətbuat bolluğunda, xüsusən də internet portalları çoxluğunda insanlara qəzet oxutdurmaq elə də asan deyil. Amma "Şərq" bu gün də öz oxucu auditoriyasını qoruyub-saxlamaqdadır. Bu da təbii ki, qəzetin kollektivinin, rəhbərliyinin peşəkarlığının nəticəsidir. Ən ümdə vəzifəsi oxuculara sağlam, qərəzsiz informasiya vermək olan "Şərq" kollektivinin və qəzetin əsas yükünü çiyinlərində daşıyan rəhbərliyin əməyinin nəticəsidir ki, 18 ildir bu mətbu orqan varlığını qoruyub saxlayır. Az qala Azərbaycanın müstəqillik yaşı qədər ömrü olan "Şərq" həmişə dövlətçiliyimizin, milli dəyərlərimizin yanında dayanıb, heç zaman tutduğu yoldan sapmayıb. Bunu yəqin ki, həmkarlarımız da, sadiq oxucularımız da təsdiqləyirlər. "Şərq"in özəlliyi də elə tutduğu yoldan dönməməsindədir, dövlətçiliyin yanında dayanmasındadır, mətbuat dilində "qızıl orta" dediyimiz yerdə durmasındadır.
"Şərq" 18 il ərzində "qızıl orta"nı qoruyub saxlayıb, ictimaiyyətin maariflənməsində rol oynayıb, milli mənlik şüurumuzun inkişafında xidmət göstərib, dövlətimizin möhkəmlənməsi istiqamətində öz töhfələrini verib, bu gün də eyni yolda addımlayır. Əminliklə söyləmək olar ki, bundan sonrakı dönəmdə də, "Şərq" həmin sadaladığım istiqamətdə fəaliyyətini davam etdirəcək, 18 rəqəminin üzərinə neçə-neçə 18-lər gələcək.
Şəxsim üçün isə "Şərq" tam mübaliğəsiz deyirəm ki, "dədə ocağıdır". Bəli, məhz "dədə ocağı". Azərbaycan mətbuatında azsaylı jurnalistlərdənəm ki, mətbuata ilk qədəm qoyduğum informasiya məkanı haradırsa, indi də oradayam. Və bu zaman kəsiyi 11 ildir. Bu məkan "Şərq"dir. 11 ildir bu qəzetdə yazıramsa, demək ki, bura mənim üçün təkcə iş yeri deyil, həm də ikinci evimdir. Bəlkə də elə "Şərq" birinci evimdir. Çünki günümün çox saatı evdə yox, "Şərq"in redaksiyasında keçir. Mən "Şərq"də jurnalist oldum, buranın rəhbərliyinin sayəsində yazı yazmağı öyrəndim, bu qəzet vasitəsi ilə tanındım. "Şərq" mənim üçün təkcə iş yeri deyil, vətəndaş olaraq "böyüməyimin", fikirlərimin formalaşmasının əsas qida mənbəyidir.
Sözün həqiqi mənasında "Şərq" bir məktəbdir. Özü də təkcə peşəkar jurnalistika məktəbi yox, həm də vicdanlı, ləyaqətli, əqidəli vətəndaş yetişdirmə məktəbidir. Bu məktəbin keçmiş və indiki tələbələri hər zaman "Şərq"də yazmağı öyrənmişəm" - ifadəsini fəxrlə deyirlər. Vaxtilə "Şərq"də çalışmış, indi isə müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin hamısı bu mətbuat ocağını xoş xatirələrlə, iş yeri kimi isə minnətdarlıqla anırlar. Qürur duyuram ki, gözəl kollektivi və demokratik mühiti olan "Şərq"dəyəm. "Şərq"ə qoca Şərqin ömrü qədər yaş arzulayıram.
Bayramın mübarək, əziz "Şərq"çilər. Doğum günün mübarək, "dədə ocağı"
