Londonda 3-6 noyabr tarixlərində keçirilən “World Travel Market” ənənəvi turizm sərgisində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış işğalçı rejimin təqdim olunmasının qarşısının alınması üçün Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı “Reed Exhbitions” şirkəti qarşısında Azərbaycan səfirliyi tərəfindən məsələ qaldırılıb.
Modern.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O, qeyd edib ki, Böyük Britaniya-Azərbaycan parlament qrupunun üzvləri də bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlayıblar.
“Reed Exhibitions” şirkəti separatçı rejimin heç bir halda “World Travel Market” turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirib. Qondarma rejimi təmsil etdiyini iddia edən “Qarabağ Turizm İnkişaf İdarəsi”nin (Karabakh Tourism Development Agency) bu sərgidə iştirakına rəsmən icazə verilməyib.
"Azərbaycan Respublikasının səfirliyi tərəfindən Ermənistan Turizm Nazirliyinə aid olan pavilyonda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin “Karabakh” adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı “Reed Exhbitions” şirkəti ilə iş davam etdirilməkdədir.
Modern.az