
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən yay sessiyasında Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bakı Qrupu yaradılmışdı. ATƏT PA çərçivəsində yaradılan Bakı Qrupunun məqsədləri, vəzifələri haqqında müfəssəl məlumatlar yayılmadığı, bunun yalnız ideya olaraq qaldığı və real fəaliyyəti istiqamətində işlər görülmədiyi bəlli olub.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova Modern.az saytına Bakı Qrupunun təcrübədə özünü doğrultmadığını söyləyib: “Bakıda həmin qrupun yaradılması haqqında fikirlər səslənəndə, mən onun ciddi təsir imkanlarına malik olacağına inanmırdım. Keçən müddət də bunu sübut etdi”.
Onun fikrincə, Bakı sessiyasında yaradılan Bakı Qrupu ideya olaraq qalıb. Bahar Muradovanın sözlərinə görə, Bakı Qrupunun fəaliyyətinin müəyyənləşməsi ilə bağlı heç bir konkret addım atılmayıb. Vitse-spiker ATƏT PA-nın iclaslarında məsələni gündəmə gətirməyin də əhəmiyyətsiz olduğu qənaətindədir: “Bakı Qrupu təklif olaraq qalıb. Məsələni yenidən gündəmə gətirmək olar, amma bunun nə dərəcədə təsirli olub-olmayacağını problemi ortaya çıxır. Görünür, Bakı Qrupunun Ukrayna münaqişəsinin həllinə təsir etməyəcəyini başa düşüb, bunu reallaşdırmaq istəmədilər”.
ATƏT PA-nın bu il iyunun 28-dən iyul ayının 2-nə qədər Bakıda 23-cü sessiyası keçirilib. İyulun 1-də keçirilən plenar iclasda ATƏT-PA-nın prezidenti Ranko Kirovkapiç Ukrayna böhranı ilə bağlı Bakı Qrupunun yaradıldığını elan edib.
Aqşin Kərimov