
Mediada Aşura günləri ilə bağlı İrandan gəlmiş nümayəndələrin Bakı kəndlərində - Nardarandakı mərasimlərdə iştirak edəcəyi ilə bağlı xəbərlər yayımlanıb.
Məsələ ilə bağlı Bakı kəndlərinin Milli Məclisdəki təmsilçisi, deputat Eldar Quliyev Modern.az-a bildirib ki, Azərbaycanda hər zaman adət-ənənlərlə bağlı dini tədbirlərin keçirilməsi azad, qanuni olaraq həyata keçirilib.
“İrandan bu məsələ ilə bağlı kiminsə Bakı kəndlərinə gəlməsi xəbəri doğru deyil. Ola bilər ki, kimsə qohumuna qonaq gəlib. Bunu yozmaq lazım deyil.
Bu günə qədər insanlar müəyyən adət-ənənələri hansı şəkildə qeyd etmək istəyiblərsə, elə də ediblər. Aşuranı də istədikləri kimi qeyd ediblər”.
Bununla yanaşı, deputat Bakı kəndlərində belə mərasimin keçirilməsi zamanı xurafata yol verilməsi məsələsinə də münasibət bildirib: “Bu məsələ keçmiş sovet dövründə də olub. İnsanlar lazımsız olaraq qan tökürdülər. Lakin son vaxtlar bununla bağlı ciddi təbliğat aparılır və belə hallar aradan qaldırılır”.
O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazədə də insanlara çağrış edib ki, kimsə qan tökmək istəyirsəxəstəxanalara gedib, ehtiyacı olan xəstələr üçün qan versinlər.
E.Quliyev şeyxin sözlərini müdafiə edərək deyib ki, bəzilərinin boşuna axıtdığı qana ehtiyacı olan xəstələr var: “Ona görə də belə insanları xəstəxanalarda qan verməyə çağırıram”.
Məltəm TALIBZADƏ