
Sakaryada səfərdə olan millət vəkili Qənirə Paşayeva Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu ilə görüşdə Azərbaycanla Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında əlaqələrin getdikcə daha genişlənməsindən danışıb. Millət vəkili Sakarya bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirib. Q.Paşayeva Azərbaycan həqiqətləri, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlər məsələsi, Xocalı soyqırımı barədə Zeki Toçoğluna geniş məlumatlar verib.
Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Sakarya Universitetində təhsil alan azərbaycanlıları birləşdirən Öyrənci Topluluğunun rəhbəri Alik Bağırov, Türkiyədə təhsil alan azərbaycanlı gəncləri birləşdirən AzeDer təşkilatının nümayəndələri də iştirak ediblər.
Qənirə Paşayeva heyət adından bələdiyyə başkanından Sakaryanın mərkəzi parklarından birinə Qarabağ adını verilməsi və həmin parkda Xocalı soyqırımı abidəsinin qoyulmasını xahiş edib. Ötən il azərbaycanlı gənclər adından Alik Bağırovun bələdiyyə tərəfindən Xocalı Soyqırımının tanınması ilə bağlı müraciətinə toxunan millət vəkili Qənirə Paşayeva Türkiyənin bəzi bələdiyyələrinin artıq belə bir qərar qəbul etdiyini və dünyanın bir sıra ölkələri tərəfindən də bu cür qərarlar qəbul edildiyini vurğulayaraq Sakarya bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən danışəb.
Sakarya Universitetində 300-dən artıq azərbaycanlı tələbə oxuduğunu və onların bir hissəsinin imkansız ailələri övladları olduğunu vurğulayan Qənirə Paşayeva bələdiyyə başqanından 50 tələbənin nəqliyyat xərclərinin bələdiyyə tərəfindən qarşılanmasını xahiş edib.
Azərbaycanı çox sevdiyini deyən Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söyləyib. “Qarabağ problemi, Xocalı ağrısı bizim də problemimiz və ağrımızdır” deyən Zeki Toçoğlu Qənirə Paşayevanın təkliflərinə müsbət yanaşıb və onlara mütləq baxılacağını deyib.
Öz növbəsində Q.Paşayeva Zeki Toçoğlunu Azərbaycana səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Zeki Toçoğlu Azərbaycanda olmadığını, ölkəmizə səfər etmək istədiyini və bu səfərin Sakarya bələdiyyəsi ilə Azərbaycanın bölgələri arasında əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə inandığını deyib.
Görüşün sonunda millət vəkili Sakarya Böyükşəhər Bələdiyyə başqanına Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri də təqdim edib.
Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu da millət vəkili Qənirə Paşayeva və nümayəndə heyəti üzvlərnə Sakarya ilə bağlı materiallar, kitablar hədiyyə edib.
Modern.az