
“Artıq Bakı şəhər İcra Hakmiyyəti, Xətai rayonu İnqilab İsmayılov küçəsi 3 v ünvanında layihələndirmə sərəncamını ləğv edib və park salınması barədə göstəriş verib”. Bu barədə Modern.az-a Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə məlumat verib.
O deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İnzibati Xətalar Məcəlləsinə əsasən, kəsilən ağaclara görə sözügedən şirkətə 19 min 200 manat cərimə tətbiq edib: “Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyəti birlikdə ərazidə ağac əkib, hazırda həmin yerdə parksalma prosesi gedir”.
Ağacların kəsilməsi faktı ilə bağlı daxil olan şikayət üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının apardığı araşdırma zamanı sözügedən ünvanda Araz Quliyevin adına olan 0,4 ha torpaq sahəsində yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı olub. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən rəy alınmayıb və əraziyə baxış zamanı müxtəlif cinsli ağacların kəsildiyi müəyyənləşdirilib. Deputat İqbal Ağazadənin təşəbbüsü ilə problem həll olunub.
Modern.az