Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə baş nazir İrakli Qaribaşvili arasındakı açıq müstəvidə davam edən gərgin mübarizə hakimiyyət daxilindəki qruplaşmaları da hərəkətə gətirdi.
Qərbyönümlü mövqeyi ilə seçilən və Rusiyaya qarşı bəyanatlar verən müdafiə naziri İrakli Alasaniyanın baş nazir tərəfindən istefaya göndərilməsi hakim “Gürcü Arzusu” koalisiyasında yaranan uçurum üçün stimul rolunu oynadı. Müdafiə Nazirliyinin 6 əməkdaşının korrupsiyada və dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbsindən sonra İrakli Alasaniyanın da hökumətdəki postundan kənarlaşdırılması ilə Tbilisi hökumətində siyasi böhranın yeni mərhələsi başlandı.İrakli Alasaniyanın rəhbəri olduğu və “Gürcü Arzusu” koalisiyasındakı “Bizim Gürcüstanımız – Azad demokratlardır" partiyasının digər nazir üzvləri də onun tutduğu vəzifədən azad edilməsindən sonra hakimiyyətdən təmsil olunmaq istəmədiklərini bəyan edərək istefa veriblər.
Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili isə artıq istefa ərizəsinin baş nazir tərəfindən qəbul edildiyini söyləyib.
Xarici işlər naziri Maya Pancikidze də "Gürcü Arzusu" komandasında tutduğu vəzifəsindən istefa verib.
Ədliyyə naziri Teya Sulukiani keçmiş müdafiə nazirinə dəstək əlaməti olaraq istefa edəcəyini bəyan edib.
Gürcüstan hökumətində yaşanan siyasi qalmaqalla bağlı Modern.az saytına açıqlama verən, keçmiş prezident Mixail Sakkaşvlinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının parlamentdə təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov mövcud böhranın ondaz təəccüb doğurmadığını bildirib.
Deputatın sözlərinə görə əvvəlcədən proqnozlaşdırıldığı kimi, “Gürcü Arzusu” koalisiyası komanda şəklində bir yerdə işləyə bilməzdi. Azər Süleymanov “Gürcü Arzusu”ndakı nazirlərin çoxunun keçmiş baş nazir, Rusiyapərəstliliyi ilə tanınan Bidzina İvanaşviliyə tabe olduqları qənaətindədir: “Onların çox İvanaşvilinin pulunun ətrafına toplaşmışdı. İstefa verən İrakli Alasaniya isə bəlkə də, yeganə nazir idi ki, İvanaşviliyə və baş nazir İrakli Qaribaşviliyə tabe olmaq istəmirdi. O, Qərbmeylli və Rusiyameylli qruplaşmalar arasında qalmış şəxs idi. İrakli Alasaniya Rusiya meylli qüvvələrə qarşı idi. Əvvəlcədən proqnozlaşdırıldığı kimi, “Gürcü Arzusu” Gürcüstanda bir arzu kimi qaldı”.
Qeyd edək ki, Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və Böhranların İdarəetməsi Şurasının katibi vəzifəsində çalışıb.
Aqşin Kərimov