Modern.az

Nazirlik internatdakı hadisə ilə bağlı açıqlama verdi: “Səhlənkarlığa yol verənlər cəzalanıb”

Nazirlik internatdakı hadisə ilə bağlı açıqlama verdi: “Səhlənkarlığa yol verənlər cəzalanıb”

Təhsil

5 Noyabr 2014, 15:11


Təhsil Nazirliyi 11 saylı İnteqrasiya təlimli internat məktəbində baş verən hadisə ilə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, oktyabrın 30-da həmin məktəbin şagirdi Surxay çay içmək istəyərkən internat yoldaşı Fateh Quluzadə onun əlinə toxunduğundan Fatehin çiyin nahiyəsində yüngül yanıq əmələ gəlib:

“Hadisə ani zamanda baş verib, dərhal tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər. Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb. Hazırda uşağın səhhəti tam normaldır, dərslərdə iştirak edir və sinif yoldaşları ilə oynayır, eyni zamanda internat məktəbinin tibb bacısının gündəlik diqqət və qayğısı ilə əhatə olunub”.

Nazirlik rəsmisi Cəsarət Valehovun sözlərinə görə, uşağın valideyni dərhal məktəbə dəvət olunub və məsələ ilə bağlı məlumatlandırılıb:

“Bəzi kütləvi informasiya vasitələrinin hədsiz həssaslığı və ajiotaj yaratmaq həvəsi ilə məsələnin miqyasının şişirdilməsi cəhdləri qeydə alınır. Fateh Quluzadənin anası, ixtisasca həkim olan Məhsəti Səfərova da uşağının adından piar vasitəsi kimi istifadə edilməsi əməllərini pisləyib.
Qeyd olunan məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri internat məktəbində olub, Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşı ilə birlikdə araşdırma aparılıb. Səhlənkarlığa yol verdiklərinə görə aidiyyəti şəxslər barəsində inzibati cəza tədbiri görülüb”.

Qeyd edək ki, bir çox KİV-də 11 saylı İnteqrasiya təlimli internat məktəbində baş vermiş hadisə nəticəsində zərərçəkmişin qulaq və boyun hissəsində ağır yanıq yaraları olması barədə məlumat yayılmışdı.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı