“Qarabağda azərbaycanlı girovlara qurulan “məhkəmə” bütün Azərbaycan xalqına təhqirdir və xalqımıza meydan oxumaqdır. Bu, həm də Azərbaycan iqtidarına və müxalifətinə meydan oxumaqdır”.
Bunu Modern.az saytına keçmiş daxili işlər naziri, əslən Kəlbəcərdən olan İsgəndər Həmidov Dağlıq Qarabağda girov götürülən həmvətənlərimiz barədə danışarkən deyib.
Onun sözlərinə görə, qurulan qondarma məhkəmə o deməkdir ki, “biz sizi saymırıq”: “Heç bir vətənpərvər bu hadisədə susmamalıdır”.
İsgəndər Həmidov girovların məhkəmə prosesini izləyərkən hər bir azərbaycanlı kimi böyük ürək ağrısı keçirdiyini vurğulayıb:
“Mən iki azərbaycanlının məhkəmə prosesini izləyərkən böyük ürək ağrısı keçirdim. Çəkisini 40-50 kiloqram itirən adam üçün bu faktiki olaraq kliniki ölüm deməkdir. Ona görə də Azərbaycan iqtidarı özündə təpər tapıb Dağlıq Qarabağda antiterror əməliyyatlarına başlamalıdır. Ən azı ermənilər qarşısında şərt kəsməliyik. Amma əksinədir, bugün ermənilər qalib kimi bizim qarşımıza şərt qoyurlar.
Xalq olaraq çox ağrılı-acılı günlər keçiririk. Hesab edirəm ki, bu, hər birimizin ağrısıdır. Bu gün ermənilər Azərbaycana açıq şəkildə meydan oxuyur, açıq şəkildə güc göstərir, təzyiq edirlər. Bizi ələ salırlar. Onlar Dilqəm və Şahbazın timsalında Azərbaycan dövlətinə, xalqımıza qarşı məhkəmə qururlar”.
Gülşən RAUFQIZI