Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması Yerevan hökumətini bununla bağlı yeni nazirlik yaratmağa vadar edib. Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə bu ölkədə Avrasiya inteqrasiyası məsələləri üzrə nazirliyin yaranması istiqamətində işlər gedir.
Həmin quruma Ermənistanın keçmiş maliyyə naziri, baş nazir Ovik Abramyanın əsas məsləhətçilərindən biri olan Vaçe Qabrielyanın nazir təyin olunacağı bildirilir.Ermənistanın hakim Respublika Partiyasının sədr müavini, təhsil və elm naziri Armen Aşotyan jurnalistlərə açıqlamasında Yerevan hökumətində struktur dəyişikliklərinin olacağını qeyd edib.
Qeyd edək ki, siyasi ekspertlər tərəfindən “Yeni SSRİ” kimi xarakterizə olunan Avrasiya İqtisadi Birliyi bu ilin may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentlərinin imzaladığı sənədlə yaradılıb.
Ermənistan isə oktyabr ayının 10-da Avrasiya İqtisadi İttifaqının Minsk sammitində bu təşkilata üzvlük haqqında sənəd imzalayıb.
Avrasiya İttifaqının 2015-ci ilin yanvarın 1-dən rrəsmən fəaliyyətə başlayacağı gözlənilir.
Aqşin Kərimov