“Burada heç vaxt problem olmayıb”

“Yanıq Mərkəzində heç bir problem yoxdur, heç bundan əvvəl də olmayıb. Vüqar Ələkbərovun açıqlamasından sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də xəstəxanaya gəlib gördü ki, iddia edildiyi kimi heç bir problem yoxdur”.
Bunu Modern.az saytına Respublika Yanıq Mərkəzinin yeni rəhbəri Şöhrət Məmmədov bildirib.
Onun sözlərinə görə, respublika əhəmiyyətli xəstəxana olduğundan Yanıq Mərkəzi Səhiyyə Nazirliyinin xüsusi nəzarətindədir: “Çünki hər gün bura müxtəlif səbəblərdən yanan, müxtəlif yaşlarda insanlar gətirilir. Onların sağalması üçün əlimizdən gələni əsirgəmirik. Xəstələr üçün hər cür şərait yaradılıb, dövlət tərəfindən 180 adda dərman pereparatı ilə təmin olunurlar. Bunlardan danışmaq əvəzinə, əsassız iddialarla ajiotaj yaratmaq yersizdir”.
Bir neçə müddət əvvəl Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov ərizə yazaraq işdən ayrılıb. O, Modern.az-a açıqlamsında xəstəxanadakı rəzilliyə, özbaşınalığa dözə bilmədiyindən bu addımı atdığını söyləyirdi.
Bundan sonra Səhiyyə Nazirliyi açıqlama verərək onu işinin öhdəsindən gələ bilməməkdə günahlandırdı.
Respublika Yanıq Mərkəzinə bu ilin martında Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin bazasında yaradılıb. Xəstəxanada aparılan struktur və kadr dəyişikliyi nəticəsində yanıq şöbəsi mərkəzə çevrilib. Nəticədə mərkəzdə həm də 2 yeni şöbə yaranıb: böyüklər və uşaqlar üçün nəzərdə tutulan yanıq şöbələri.
Respublika Yanıq Mərkəzi bütün Azərbaycana xidmət edir.

Gülşən RAUFQIZI