Azərbaycanda yeni tədris ilindən bəzi ucqar kənd məktəblərində müəllim işləyənlərin maaşları gecikdirilir. Könüllü olaraq ucqar kənd məktəblərinə gedib işləyən gənc müəllimlər isə bundan narazıdırlar. Quba rayonunda kənd məktəblərinin birində çalışan, adının açıqlanmasından ehtiyatlanan gənc müəllim Modern.az-a bildirib ki, 2 aydan çoxdur maaş almırlar.
Təhsil Nazirliyi bu məsələyə aydınlıq gətirib.
Nazirliyin İnsan resursları şöbəsinin müdir müavini İlham Ağayev Modern.az saytının sualına cavabında deyib ki, məktəblər yerli idarəetmə orqanları tərəfindən maliyyələşdirilir. Maliyyələşdirmənin birbaşa Maliyyə Nazirliyinə aid məsələ olduğunu söyləyən müdir müavini bildirib ki, rayon Təhsil şöbələri maliyyəsini yerli icra hakimiyyətlərindən alır:
“Müəyyən ucqar rayonlarda belə problemlər var. Bununla bağlı hazırda Təhsil Nazirliyi tərəfindən işlər görülür. Amma bu, birbaşa bizdən asılı məsələ deyil. Təhsil Nazirliyinin burada birbaşa rolu yoxdur. Məktəblər yerli İcra Hakimiyyəti orqanları tərəfindən maliyyələşdirilir”.
Məltəm TALIBADƏ