Modern.az

Tanınmışlar “Qarabağ” bugünkü oyununa PROQNOZ verdilər

Tanınmışlar “Qarabağ” bugünkü oyununa PROQNOZ verdilər

Təhsil

6 Noyabr 2014, 13:40


“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün Bakıda Ukraynanın “Dnepr” komandası ilə oynayacaq. İki həftə öncə Kiyevdə keçirilən oyun ərəfəsi tanınmış futbol mütəxəssisləri və jurnalistlər “Qarabağ”ın şanslarını dəyərləndirərkən ümidverici proqnoz verirdilər. Həmin görüş Azərbaycan klubunun 1:0 hesabı ilə qələbəsi ilə başa çatdı.

“Qarabağ” bu gün azarkeşləri qarşısında oynayır və bu görüşdə qalib gələcəyi təqdirdə növbəti mərhələyə çıxmaq üçün önəmli bir addım atılacaq. Modern.az saytı futbol mütəxəssisləri və jurnalistlərdən bugünkü oyunla bağlı proqnozlarını öyrənib.

Azərbaycanın təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib ki, indiki halda “Qarabağ”a 3 xal çox mütləq lazımdır: “Azərbaycan çempionatının son oyunlarında “Qarabağ” yüngül oyun göstərirdi. Amma Kiyevdəki oyunu yaxşı idi. Bu, nadir hallarda olur. “Dnepr”  güclü komandadır. Amma “Qarabağ” qalib gəldi. Ona görə indi psixoloji üstünlük “Qarabağ”ın tərəfindədir. “Qarabağ” Kiyevdəki oyununu burada davam etdirməlidir.  O oyundakı taktikalar, manevrlər burada da həyata keçirilməlidir”.
Mircavadovun fikrincə, Bakıda oynadığı üçün komanda hücuma meylli futbol oynamalıdır: “Futbolçular meydançanın hər yerində bir-birinə yaxın məsafədə oynamalıdırlar ki, rəqibin əks hücuma keçməyə imkanı  olmasın. Mən “Qarabağ”dan yaxşı oyun gözləyirəm. Proqnoz verməyi xoşlamıram”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Kiyevdəki oyundan sonra bildirirdi ki, Bakıdakı görüş heç-heçə başa çatacaq. Bu gün də həmin fikirdə dayandığını deyən Rəşad Məcid “Qarabağ”ın azarkeşlərini komandaya dəstək verməyə səsləyib:
“Qarabağ”ın qələbə çalmasını arzu edirəm. İmkan olsa özüm də oyunu izləməyə gedəcəyəm. Azarkeşlərin dəstəyi olmalıdır ki, komandamız qalib gəlsin”.

Tanınmış məşqçi Vaqif Sadıqovun fikrincə,  Bakıda Kiyevdəki uğurun davamı mütləq olacaq: ““Qarabağ” yeni bir səhifə yazmalıdır. “Qarabağ” bizim qürurumuzdur. Ona görə, komandanın yaxşı oynayıb, bizin qane edən nəticə əldə edəcəyinə inanıram”.

“Qol.az” saytının redaktoru Aydın Bağırov
deyir ki, bu komandaların ilk oyununda “Qarabağ”ın qələbə qazanacağına inanmırdı: “O qələbə gözlənilməz olsa da,  gün “Qarabağ”dan qələbə gözləyənlər çoxdur. Mənə elə gəlir ki, arxayınlaşmaq olmaz. Bu oyun hər iki komanda üçün  Kiyevdəkindən on qat ağır olacaq”.
Onun sözlərinə görə, “Qarabağ”ın oyunçuları oyunun məsuliyyətini yaxşı anlayır, rəqibə hörmətlə yanaşırlar:
“Bu ciddilik komandaya uğur gətirəcək. “Qarabağ”  bu gün xal da itirə bilər. Məncə, oyun heç-heçə qurtaracaq”.

21:00. "Qarabağ" (Azərbaycan) - "Dnepr" (Ukrayna)
Hakimlər:
Pavel Gil, Pyotr Sadçuk, Marçin Borkovski və Konrad Sapela (hamısı Polşadandır)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Məltəm TALIBZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı