Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internat məktəbdə baş verən hadisə ilə bağlı araşdırma aparıb. Komitənin informasiya və analitik şöbəsinin müdir müavini Aydın Rəcəbli Modern.az saytına deyib ki, araşdırmanın nəticəsi Təhsil Nazirliyinin açıqlaması ilə üst-üstə düşür.
Onun sözlərinə görə, baş verən hadisə tam təsadüf olub və cəmiyyətdə bununla bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur:
“Hadisə mətbuatda yazıldığı kimi şagirdlərdən birinin yatdığı yerdə yox, nahar vaxtı olub. Komitənin nümayəndələri də məktəbə gedib, şagirdlərdən birində kiçik yanıq xəsarəti var, onu xəstəxanaya aparmağa da ehtiyac olmayıb”.
Noyabrın 5-də bir çox KİV-də 11 saylı İnteqrasiya təlimli internat məktəbində baş verən hadisə nəticəsində zərərçəkənin qulaq və boyun hissəsində ağır yanıq yaraları olması barədə məlumat yayılıb. Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilirdi ki, oktyabrın 30-da həmin məktəbin şagirdi Surxay çay içmək istəyərkən internat yoldaşı Fateh Quluzadə onun əlinə toxunduğundan Fatehin çiyin nahiyəsində yüngül yanıq əmələ gəlib. Hadisə ani zamanda baş verib, dərhal tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər. Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb.
Gülşən RAUFQIZI