
Noyabrın 6-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Modern.az xəbər verir ki, Fondun Müşahidə Şurasının üzvü Vüqar Əliyev media nümayəndələri arasında sağlam rəqabətin daha da gücləndirilməsi, yekun nəticələrdən daha çox jurnalistin faydalanması imkanının yaradılması baxımından mövcud müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklərin edilməsi zərurətini önə çəkib. Müsabiqə mövzularının jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilməsini təklif edən Vüqar Əliyev bu yeniliyin onların yaradıcılığına müsbət təsir göstərəcəyi qənaətində olduğunu bildirib. O, həmçinin qaliblərinin müəyyənləşdirilməsi ilə bağlı mövcud müsabiqə şərtlərinə yenidən baxılmasını, hər istiqamət üzrə ümumilikdə 6 nəfər qalibin müəyyənləşdirilməsini daha məqsədəuyğun saydığını bildirib.
Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 olmaqla 1, II yer üçün 300 olmaqla 2, III yer üçün isə 200 manat olmaqla 3 mükafatın verilməsini təklif edən Vüqar Əliyev bu halda Fondun keçirdiyi müsabiqələrdən ümumilikdə 114 nəfər jurnalistin faydalana biləcəyini diqqətə çəkmişdir.
Daha sonra təkliflər ətrafında müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərindən - Vüqar Rəhimzadə, Bəxtiyar Sadıqov, Faiq Qurbanov, Rəşad Məcid, İntiqam Hümbətov irəli sürülmüş təklifləri dəstəkləyərək kütləvi informasiya vasitələrinin sürətli inkişafı şəraitində Fond tərəfindən elan olunan fərdi jurnalist yazıları müsabiqəsinin şərtlərində də bəzi əlavə və dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıblar. Qeyd edilib ki, irəli sürülən təkliflər jurnalistlərə müsabiqənin elan edilmiş istiqamətləri üzrə sərbəst yazılar işləmələrinə, habelə müsabiqənin yekun nəticələrindən faydalanan jurnalistlərin sayının artmasına imkan verəcək.
Daha sonra irəli sürülən təklif əsasında Fondun fərdi jurnalist yazıları müsabiqəsinin elanı müzakirəyə çıxarılıb.
Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının sədri Umud Mirzəyev, şura üzvləri - Rəşad Məcid və Vüqar Əliyev mövcud qaydalara dəyişiklikləri nəzərdə tutan bəzi təkliflər irəli sürüblər. Müzakirələrin yekunu kimi müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklərin olunması barədə qərar qəbul edilib.
***
31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə fərdi jurnalist yazıları müsabiqəsinin ELANI
| № | İstiqamətlər |
| 1. | Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu |
| 2. | Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi |
| 3. | İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması |
| 4. | İctimai və dövlət maraqlarının müdafiəsi |
| 5. | Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
| 6. | Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi |
| 7. | Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması |
| 8. | Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
| 9. | Azərbaycançılıq ideyasının təbliği |
| 10. | Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi |
| 11. | İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi |
| 12. | Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
| 13. | Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilmə |
| 14. | Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması |
| 15. | Uşaq və gənclərin fiziki və mənəvi inkişafı |
| 16. | Ekologiya və ətraf mühitin mühafizəsi |
| 17. | Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi |
| 18. | Elm və təhsilin inkişaf etdirilməsi |
| 19. | Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi |
Yazıların qəbulu 11 noyabr 2014-cü il tarixində başlayır, 11 dekabr 2014-cü il tarixdə başa çatır (11 dekabr 2014 yazıları təqdim etmək üçün sonuncu tarixdir).
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Hər istiqamət üzrə 6 qalib müəyyən edilir
I yer üçün bir nəfər (500 AZN)
II yer üçün iki nəfər (300 AZN)
III yer üçün üç nəfər (200 AZN)
Modern.az