
Bu gün Bakıda Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli ikigünlük beynəlxalq konfransı keçirilir. Modern.az xəbər verir ki, bu konfrans Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində baş tutub.
Konfransda Avropa Şurası Nazirlər Komitəsinin sədri və Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov çıxış edərkən bildirib ki, Azərbaycanın strateji mövqeyi, onun tolerantlıq ənənələri, iqtisadi nailiyyətləri və dünyada və qonşuluqda sülhə və təhlükəsizliyə töhfə vermək istiqamətində qətiyyəti bu xarici siyasətin əsas hərəkətverici amilləri arasındadır.
“Bu gün Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir və hal-hazırda Cənubi Qafqazın iqtisadiyyatının ümumilikdə 80 faizdən çoxu ölkəmizin payına düşür. Əhəmiyyətli neft və qaz resursları, eləcə də regional nəqliyyat mərkəzi kimi əsas mövqe Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfələrini daha da artırmağa imkan verir”.
Nazir deyib ki, Ermənistan və Azərbaycan arasında olan, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən qanunsuz işğalı və 1 milyondan çox Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətində olması ilə nəticələnən münaqişənin ağır nəticələri olmasaydı, Azərbaycan və region daha çox nəaliyyətlər əldə edə bilərdi.
“Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə hörmətlə yanaşılmasını təsdiq edən və işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal, tam və qeydi-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də yerinə yetirilməməsi məyusedicidir”.
E.Məmmədyarov bildirib ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin sonuna doğru yaxınlaşır.
“Bugünkü konfrans sədrliyimiz ilə təşkil olunmuş sonuncu əsas iclasdır. Əlbəttə, mən növbəti cümə axşamı sədrliyi Belçikaya təhvil vermək üçün Strasburqda olacağam. Bu münasibətlə mən Nazirlər Komitəsinə 6 aylıq sədrliyi dövründə Azərbaycan tərəfindən görülmüş işlərin nəticələrini təqdim edəcəyəm”.
“Fikrimizcə, Azərbaycan da Avropa Şurasının siyasətinin qonşu regionlarda daha da tanıdılması istiqamətində sədrliyinin ona verdiyi üstünlüklərdən yararlana bilmişdir. Qonşuluq siyasətinin əhatə etdiyi bir çox ölkələrlə tarixi dostluq münasibətləri olan bir ölkə kimi biz başlanğıcdan bu siyasətin güclü tərəfdarlarından olmuşuq”-deyə nazir əlavə edib.
Modern.az