
“Yaş yarıma qədər körpəyə qulluq üçün ayda 30 manat, bundan sonrakı müddətdə 3 yaşına qədər uşağa qulluq etmək üçün anaya ayda 15 manat verilir. Bu rəqəmlər çox azdır və azı 60 manata çatdırılmalıdır”.
Modern.az saytının verdiyi məlumata görə, bunu parlamentin Sosial siyasət komitəsinin 2015-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı keçirdiyi iclasda deputat Elmira Axundova deyib.
Onun fikrincə, bu məbləğ qonşu dövlətlər, xüsusilə də Rusiya və Qazaxıstana nisbətən azdır: “Digər tərəfdən, prezident sərəncamına əsasən Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 103 manatdır. Belə olan təqdirdə, uşaqlara qulluq üçün nəzərdə tutulan məbləğ niyə 15-30 manat həddində olmalıdır?”.
Elmira Axundova doğuş üçün anaya verilən birdəfəlik müavinətin məbləğinin 90 manatdan 100 manata qaldırılmasını da təklif edib: “Bu, 100 manata qaldırılsa, artıq kifayət qədər ciddi və sanballı rəqəm olardı”.
Aqşin KƏRİMOV