Bu gün Böyük Oktyabr Sosialist İnqilabının ildönümüdür. 1917-ci ildə baş verən bu siyasi hadisə sonralar yaranacaq proseslərin və geopolitik mübarizənin, “soyuq müharibə”nin başlanğıcı üçün baza rolunu oynadı.
Bu günü Azərbaycan kommunistləri yad etsələr də, bununla bağlı tədbirləri lokal məkan çərçivəsində və demək olar cəmiyyətin xəbəri olmadan keçirilir.
Mövzu barədə Modern.az saytına açıqlama verən Azərbaycan Vahid Kommunist Partiyasının baş katibi Musa Tükənov da tədbirlərin məhdud çərçivədə olmasından şikayətlənib.
O, bildirib ki, Azərbaycanda bu tarixi hadisəyə əhəmiyyət verilməməsi yanlışlıqdır: “Biz noyabrın 6-da partiyanın Siyasi Bürosunda bu tarixi hadisənin ildönümünü qeyd etdik. Amma birgə aksiyalar keçirmək üçün digər sol ideologiyalı təşkilatlara müraciət etməmişik. Ümumiyyətlə, aksiyaya ehtiyac yoxdur, sadəcə olaraq respublika səviyyəsində 7 noyabrla bağlı dəyirmi masa təşkil edilsə, biz də sevinərik”.
Vahid Kommunist Partiyası sədrinin fikrincə, Böyük Oktyabr Sosialist İnqilabı Azərbaycanın tarixində də əhəmiyyətli səhifəyə malikdir: “Bu inqilab olmasaydı, Azərbaycan da 1918-ci ildə müstəqilliyini qazanmayacaqdı. Azərbaycanın inkişafında oktyabr inqilabının çox böyük rolu olub.
Təəssüflər olsun ki, Azərbaycan tarixçiləri indi bunu yad bir hadisə kimi qiymətləndirirlər. Bu tarixi hadisəni soyuqqanlılıqla qəbul etmək lazım deyil. Biz Azərbaycan olaraq böyük oktyabr inqilabı ilə niyə fəxr etməməliyik?!
Aqşin Kərimov