Bu gün Bakı Slavyan Universitetində 9 noyabr və Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci il dönümü münasibəti ilə “Bir millət, iki dövlət!” şüarı altında bayram tədbiri keçirilib.
BSU-nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Əlamətdar gün münasibətilə mərasim iştirakçılarını salamlayan rektor, professor Asif Hacıyev hər iki bayrama görə bütün türk dünyasını təbrik edərək, iki qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. O, vurğulayıb ki, bu gün ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir,hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir. Rektor öz çıxışında dövlət bayrağının rəmzi mənalarına da toxunub:”Üçrəngli bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir və Azərbaycanı dünya ölkələri arasındatəmsil edən bir dövlət atributudur”. Tədbirdə Türkiyə səfirinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Büyükfırat və TUSİAB(Türk Sənaye və İşadamları Beynəlxalq Cəmiyyəti) yönətim qurumunun rəhbəri Yavuz Keleş iştirak ediblər. Cümhuriyyət bayramı münasibətilə təbrikləri qəbul edənY.Keleş, çıxışındaBayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, göstərilən diqqətə və əziz günün sevincini bölüşdüklərinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. O, deyib ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, iqtisadi, eləcə də demokratiya və insan haqları sahələrində böyük uğurlara imza ataraq regionda və dünyada mövqeyini möhkəmləndirib. Bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olublar, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə bu birlik daha inamlı xarakter alır. Qonaq vurğulayıb ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Hikmət Babayev hər iki bayram münasibətilə qurum adından öz təbriklərini çatdıraraq Fondun layihələrinə Türkiyənin Azərbaycandakı səfirliyinin cəlb olunmasından, həmçinin əməkdaşlığın perspektivlərindən söhbət açıb. Məltəm TALIBZADƏ