Şimali Kipr Türk Cümhuriyyətində şəkərli diabet üzrə beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru, əməkdar elm xadimi, deputat Rafiq Məmmədhəsənov da iştirak edib. O, Modern.az-a açıqlamasında konfransdakı çıxışı zamanı toxunduğu məsələlərdən danışıb:
“Həmin tədbirdə Azərbaycanın baş endekrenoloqu kimi şəkərli diabetlə bağlı 45 dəqiqəlik çıxış etdim. Konfransda dünyanın 100 ölkəsindən nümayəndə heyəti iştirak edirdi. Çıxış edənlər şəkərli diabetin bütün dünyada necə bəlalı xəstəlik olduğunu vurğuladılar. Bu, çox aktual problemdir. Hamımız bu bəlaya qarşı birləşib mübarizə aparmalıyıq. Hazırda dünyada 380 mln şəkərli diabet xəstəsi var. Hər il bu xəstəliyə yoluxanların sayı artır. Bunun adına qeyri-infeksion epidemik xəstəlik deyirlər. Uşaqlar, qadınlar və yaşlılar arasında fərq qoymadan çoxalır”.
Rafiq Məmmədhəsənovun sözlərinə görə, Azərbaycandakı şəkərli diabet xəstələrinin sayı 260 mindir: “Azərbaycanda şəkərli diabet xəstələrinin hamısı dövlət proqramı çərçivəsində müalicə alır. Azərbaycanda bu proqramı birinci dəfə biz həyata keçirmişik. Bu xəstələrə Azərbaycanda dövlət təminatı var. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələr də bizdən bu təcrübəni götürüblər. Həmin beynəlxalq tədbirdə Azərbaycanın təmsilçisi kimi problemin həlli ilə bağlı görülə biləcək tədbirlərdən də danışdım”.Namidə BİNGÖL