Modern.az

Qorbaçov Putinin qarşısında baş əydi

Qorbaçov Putinin qarşısında baş əydi

Təhsil

9 Noyabr 2014, 17:00

Namidə BİNGÖL

İndi bəzi siyasətçilərin  nə danışmasının o qədər də önəmi yoxdu. Çünki nə danışdıqlarını özləri də bilmir. Pafoslu fikirlər səsləndirmək, reytinqlərinin aşağı düşməməsi xətrinə məttahlıq etmək, süddən çıxan ağ qaşıq kimi özlərini təqdim etmək  hallarına bir növ adətkar olmuşuq.

Həftənin siyasi hesabatını təqdim edirəm.

Ha çalışıram müxalifətin düyünündən, istiqlalından, aydınlığından  yazım, alınmır.  Son dönəmlər, müxalifətdə  baş verən silkələnmələr  adi hala çevrilib.  Müsavatın qurultayından bəri partiya  daxilində qruplaşma və istefalar davam edir. Müsavat başqanı Arif Hacılı bir cür danışır, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu isə  bir başqa cür. Yəni kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək çox çətindir.

Başqanlığa keçmiş namizəd demişkən, Arif Hacılı bu ifadəni qəbul etmir. Deyir Müsavatda belə bir vəzifə yoxdur. Heç bundan sonra da olmasını arzulamırıq. Amma burda da bir əmma var.

Əcəba, İsa Qəmbəri Müsavatın keçmiş başqanı kimi qəbul etməyimizə Arif bəyin əlavələri  varmı?! Yoxsa Arif bəy keçmişin üzərinə “qara xətt” çəkməyi çoxdan gözə alıb?!

Hər halda, Arif  bəy unutmamalıdır ki, Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslı Müsavat başqanı seçilmək uğrunda fəal mübarizəyə qoşulmuşdular. Qurultaydan bəri isə müsavat üzvlərindən kimsə partiyanın aydınlığı, qarşıdan gələn bələdiyyə, parlament seçkilərində fəal iştirak etməyi, iqtidarla sağlam şəraitdə mübarizə aparmağı bir kənara qoyub daxili intriqalara, ayrıseçkiliyə, istefalara yol açdılar.

Partiyada birlik, bərabərlik anlaşma olmayınca, Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslı başqanlığa keçmiş namizəd kimi təqdim olunacaq.

Bütün baş verənləri analiz edərkən belə anlaşılır ki, Arif Hacılı başqan kürsüsündə qərarlaşsa da, müsavatçılar partiya daxilində onunla bir türlü qərarlaşmaq istəmir.

Bəzilərinin çıxışlarından bu qənaətə gəlmək olar ki, Arif Hacılı partiya daxilində başqan kimi qəbul olunmur. Deməli, hələ də Müsavat Partiyasında İsa Qəmbərin yeri görünür. Belə olmasaydı başqan Arif bəyin dəvətinə Qubad İbadoğlu qaça-qaça gələrdi. Nə də olsa bir vaxtlar Müsavatın divarları arasında duz-çörək kəsiblər.

Maraqlıdır ki, Arif bəyin uzatdığı əli Qubad bəy tutmaq istəmir və yaxud da əksinə. Amma ayrı-ayrılıqda hər iki tərəf əl-ələ tutub yallı getməkdən dəm vurur.

Yeri gəlmişkən, Qubad İbadoğlu “daşı ətəyindən töküb” noyabrın 8-də  tərəfdarları ilə görüş keçirdi. Görüşün məqsədi bəllidir. Partiyanın mövcud durumu müzakirə mövzusu olub. Burda diqqət çəkən başqa məqam var. Bütün müsavatçılar partiyanın taleyindən narahat olduqlarını dilə gətirirlər, amma unudurlar.

Unudurlar ki, Müsavat Partiyası daxilində yaranan və yaşanan gərginliyi İŞİD radikal terror qruplaşması alıovlandırmır. Müsavat Partiyası daxilində nə Amerikanın, nə də Rusiyanın təsir rıçaqları özünü göstərir.

Maraqlıdır ki, partiyanın taleyindən narahat olanlar həm də partiyada qarşıdurmalara yol açanlardır.

İndi isə yazının əvvəlində toxunduğum məsələnin düyününü açmaq istəyirəm. Vaxtilə SSRİ məkanında ən böyük faciələrə yol açan Mixael Qorbaçov məsum simalı maskasını taxaraq, alman torpağına “mübarək” qədəmləri ilə pənah aparıb. Berlin divarlarının sökülməsinin 25 illiyi münasibətilə köhnə siyasətçi kimi çıxış edən Qorbaçov siyasi hiylələrindən də məharətlə istifadə edib.

Rusiyanın prezidenti Vladimir Putinə açıq-aydın yarınmaqla siyasətin məttah üzvü olduğunu ortaya qoyub. Qərb dövlətlərinə üzünü tutaraq Putunun siyasətdə mülayim tərəfdaşlıq prinsiplərinə sadiq qaldığını deyib. Ay-hay. Necə də inandırıcıdır.

Maraqlıdır, Cənubi Qafqazda krallıq edən şimal ayısı, Krımın Ukraynadan ilhaq edilməsində heçmi sərt mövqe sərgiləməyib?!

Abxazisya və Osetiyaya qoşun yeridən Putin, nə vaxtdan mülayim prinsiplərlə hərəkət edib?!

Və yaxud da Cənubi Qafqazda Ermənistanı vassalına çevirməklə Dağlıq Qarabağ məsələsinin həllinə sədd çəkən Putin deyil?!

Deyəsən, Mixael Qorbaçov bir ayağının yol üstə olduğunu anlayıb. Bir ayağı yolda olan Qlorbaçov yaşlansa da, millətçi qeyrət damarı vəcdə gəlib. Qərbi Rusiyaya qarşı sanksiyaları ləğv etməyə səsləyib.

SSRİ-nin yeganə prezidenti olan Qorbaçov, adıçəkilən məkana daxil olan respublikalarda hiddətlə yad edilir.

1990-cı ildə Bakıda baş verən 20 yanvar hadisələrində günahsız insanların tanklar, pulmeyotlar vasitəsilə “biçilməsində” təşkilatçılıq işlərinə rəhbərliyi ləkəli, keçəlbaş Qorbaçov edirdi.

Necə ola bilər ki, qaniçən siyasətçi siyasi meydanda rəhmli olsun. Təbii ki,  azadlıqda firavan yaşayan, cinayətkar Qorbaçov,  bundan sonra siyasi kürsüdən dövlət idarə etməyəcək.

Qorbaçovun qatarı çoxdan gedib. İndiki durumda onun işi Putinə ikiəlli baş əyməkdir. Berlindəki çıxışı zamanı Qorbaçov Putinin qarşısında bir daha baş əymiş oldu. Putinə məttahlıq nümayiş etdirməklə!. “Afərin!”. Qocalmış “qarğa”dan ancaq bunu gözləmək olar. Başqa heç nə.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı