
Noyabrın 11-də Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Komissiyanın sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə toplantını açaraq gündəliyə salınması tövsiyə olunan məsələlər barədə məlumat verib. O deyib ki, müzakirəsi tövsiyə edilən 15 məsələdən 4-ü MŞ-nin Şikayətlər üzrə Komissiyası, digərləri Şura Katibliyi tərəfindən təqdim olunub. Gündəlik təsdiqləndikdən sonra müzakirələr başlanıb.
Əvvəlcə «Poliqon» Analitik İnformasiya Agentliyinin (pia.az) baş redaktoru Azər Qaramanlı dinlənilib. O, rəhbəri olduğu «pia.az» saytının bir sıra materillarında etik prinsiplərin tələblərinin gözlənilmədiyi barədə iradlarla razılaşıb. Baş redaktor deyilənlərdən nəticə çıxaracağını, saytın fəaliyyətində dönüş yaradacağını öhdəsinə götürüb. Mətbuat Şurasından qərarında buna diqqət yetirməsini xahiş edib. Komissiya onun səmimi etirafını nəzərə alıb. Sayta MŞ-nin sonuncu xəbərdarlığının olunması məqsədə müvafiq sayılıb.