Hər bir kəs zamanın ona verilmiş ən böyük sərvət olduğunu dərk edir, amma maddiyyatda olduğu kimi, burda da aqil insan bu "sərmayə”dən faydalanmağı, cahil insan isə bu "sərvət”i necə talan etməyi düşünür. Dahilərdən biri "Əgər həyatı sevirsənsə, zamanı öldürmə, çünki həyat zamana bağlıdır” deyib. Elə "Ədalətin "vaxtı”nın budəfəki qonağı da zaman və həyatı bir-birindən ayırmayan kəslərdəndir. Əvvəlcə qonağımızla tanış olaq:
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov – 1979-cu ildə Bakıda anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə həmin ali məktəbdə magistr dərəcəsini alıb. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır.
Fuad Muradov həm millət vəkili, həm də gənclər siyasəti sahəsində fəaliyyəti çərçivəsində beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi, Azərbaycan həqiqətlərinin və Dağlıq Qarabağ münaqişəsinə dair məlumatların dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir.
O, 2004-2012-ci illər Gənclər Təşkilatları Milli Şurasının sədri, 2005 -ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın layihəsini hazırlayan işçi qrupunun üzvüdür. 2011-ci ildən "Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədridir.
10 elmi əsərin və monoqrafiyanın müəllifidir. Kimya elmləri üzrə fəlsəfə doktorudur.
…Və Fuad Muradovun fikirləri:
Zaman nədir, sizin üçün nə əhəmiyyət kəsb edir?
- Zaman və həyat tərzi bir-birinə çox bağlı olan məsələlərdir. İnsan üçün ən vacib məsələlərdən biri elə zamandır. Bütün arqumentlər bitəndə, insan zamanın azlığından və ya vaxtın yetişmədiyindən gileylənir. Vaxt mənim üçün çox ciddi məsələdir. Gəncliyimdən vaxtıma çox qənaətli yanaşmışam. Sanki hiss etmişəm ki, vaxt mənimçün çox tez gedir. Bu gənckən də belə olub, amma xüsusən ictimai-siyasi fəaliyyətimdə daha çox hiss etmişəm. Çünki zamanı düzgün istiqamətləndirməsən, həqiqətən də problemlər qaçılmaz olacaq. Bir sözlə, zaman tarixdir və bu tarixə yaxın olmaq, onun yönəldicisi olmaq insan üçün yalnız faydalı ola bilər.
Zaman insanı idarə edir, yoxsa insan zamanı?
- Zaman həm də elə bir amildir ki, insan onu istədiyi kimi idarə edə bilməz. Bu bir həqiqətdir ki, insan zamanın axınına düşür, zaman bir çox məsələlərdə onu idarə edir. Elə bir vəziyyət yarana bilər ki, zaman insanın həyata keçirdiyi işlərin çərçivəsindən çox geniş ola bilər. Bu baxımdan zamanı həmişə nəzərə almaq lazımdır.
"Vaxta ciddi yanaşmayanda, düzgün dəyərləndirməyəndə də onu ancaq itirə bilərsən”
Qeyd etdiniz ki, zamana həmişə ciddi yanaşmısınız. Buradan belə qənaətə gəlmək olarmı ki, qazandığınız uğurun təməlində zamanı düzgün dəyərləndirməyiniz dayanır?
- Təbii ki, ilk zamanda insanın formalaşması üçün şərait və mühit dayanır. Növbəti illər üçün həyat məqsədləri müəyyənləşdirilir. Və bütün bunlarla yanaşı, zamanı da düzgün dəyərlindirmək lazımdır. Bu gün, xüsusən də zamana yanaşma daha ciddi olmalıdır. Hazırda bunu qənaətbəxş hesab etmək olar. Amma bizim tələbəlik vaxtımızı xatırlayır, bunu indiki gənclərin şəraiti ilə müqayisə edirəm. Bu gün müasir texnologiyanın sayəsində demək olar ki, zaman anlayışı pozulub. Məsələn: Skype vasitəsilə dünyanın harasında, hansı saatda olursan ol, fərq etməz, rabitəni qurub həmin insanı istədiyin an görüb danışa bilirsən. Amma bütün bu yenilik və tərəqqi ilə yanaşı vaxta ciddi yanaşmayanda, düzgün dəyərləndirməyəndə də onu ancaq itirə bilərsən, bir də görürsən ki, ömrün artıq yarısı gedib, planlar hələ də həyata keçməyib.
"Hər anın öz hökmü var, o hökm verilən zaman gərək hər an hazır olasan”
Yeri gəlmişkən, sizin həyatınızda vaxt itkisi olubmu? Düşünmüsünüzmü ki, "kaş ki o zaman bu qədər vaxt itkisinə yol verməzdim?"
-Mənim timsalımda hər şey başqa cür – daha erkən olub, demək olar ki, bütün prosesləri qabaqlamışam. Tələbə vaxtından aktiv ictimai fəallığım olub. O zaman – 90-cı illəri nəzərdə tuturam – hər şey elə sürətlə baş verirdi ki, o proseslərin içində olmaq üçün gərək ictimai fəaliyyəti sürətləndirməliydin. Amma eyni zamanda düşünmüşəm ki, kaş ki elmə – fundamental elmlərin inkişafına daha çox vaxt ayırardım. Düzdür, indi də məşğulam, sonra zaman və imkan tapan kimi elmi sahəyə diqqət ayırdım. 2002-ci ildən ağır bir mövzu olan "neftin ilkin emalı zamanı radiasiya problemləri” ilə bağlı sahə ilə məşğul oldum. Yəni müəyyən qədər, itirdiyim vaxtı qaytara bilmişəm. Amma hər anın öz hökmü var, o hökm verilən zaman gərək hər an hazır olasan. İngilislərdə belə bir deyim ver, bir ana çox vaxt ayırma ki, gələcəkdə digər anlara da zamanın qalsın. Düşünmək lazım deyil ki, bu gün vaxt və imkan varsa, bütün gücünü buna sərf etməlisən.
Zamanı planlaşdıran insanlardansınız?
- Mənim üçün iş vaxtı məsələsi yoxdur. Bu gün özüm öz qrafikimi müəyyənləşdirməyə imkanım çatır. Amma elə məsələlər də var ki, onları iş qrafikinə mütləq salmaq lazımdır. Bu daha çox həyat tərzi ilə bağlıdır. Deyək ki, idman etmək mütləq şəkildədir və ya təbiət qoynunda olmağı çox sevirəm. İşlə bağlı isə seçicilərimlə görüş mənim üçün mütləq və vacib olan məsələlərdəndir. Onlarsız hansısa iş qrafikimi, ümumiyyətlə günümü belə təsəvvür etmirəm. Çünki bu, mənim bilavasitə borcum və işimdir. Bundan başqa gənclərlə bağlı məsələlər də mənim iş planımın ayrılmaz hissəsidir. Başqa sözlə, həyatda elə istiqamətlər var ki, onlar mütləq planlı olmalıdır və onu dəyişmək də istəməzdim. Ümumiyyətlə, mən onun tərəfdarı deyiləm ki, səhərdən axşama qədər oturub iş vaxtı bitən kimi çıxıb getsin, halbuki elə insanlar var ki, müəyyən zaman çərçivəsində ona aid olan bütün işlərini həyata keçirə bilir.
Həyatda tələsən adamlardsınız, yoxsa gecikən?
- Tələskən demək olar. Hətta fikir baxımından da götürəndə, məndə fikir çox tez formalaşır. Bir fikir beynimdə bitməmiş artıq yenisi yaranır. Hətta hərdən mənə elə gəlir ki, qarşımdakılar da məni bu baxımdam yaxşı anlayırlar. Bunu həm də operativlik də adlandırmaq olar. İndiki zamanədə heç başqa cür də mümkün deyil.
Hesab edək ki, zaman bir həkimdir, onun etdiyi cərrahi əməliyyatın yeri illər sonra sizi qanadıbmı?
- Ola bilsin ki, yaşım çox olmadığından bu barədə elə bir xatirəm də yoxdur. Həm yada sala bilmirəm, həm də düzü, bu barədə heç düşünmürəm də. Mən taktiki müstəvidə düşünüb çalışan bir adamam, ona görə də hesab edirəm ki, belə bir "ciddi əməliyyat” olsa idi xatirəmdə iz qoyardı. Bəlkə də, bu mənim xoşbəxtliyimdir ki, belə bir hadisə həyatımda olmayıb.
"Ədəbiyyat insanın tək olduğu, öz-özüylə baş-başa qaldığı zaman daha çox zövq verir”
Sizin zaman çərçivənizdə ədəbiyyatın çəkisi, yeri nə dərəcədədir?
- Mən klassik ədəbiyyatı çox sevirəm. Əlbəttə, müasir yazar və şairlərdən də oxuyuram. Mənim zəngin kitabxanam var. Füzulidən tutmuş müasir şairlərədək. Xüsusilə, Mikayıl Müşfiqi çox sevirəm, çünki onun şeirlərindəki mövzu istəniən zaman aktual olub. İstər orta əsrlər olsun, istər müasir, istərsə də gələcək zaman – bütün dönəmərdə bu motivlər keçərlidir. Həm Azərbaycan, həm də xarici ədəbiyyatdan nümunələr oxuyuram. Paulo Koelyonun əksər əsərlərini oxumuşam. Düşünürəm ki, müasir yazarların əsas üstünlüyü onların əsərlərindən çox, sitatlarının daha məşhur olmasıdır. Kimdənsə, hər hansı müasir yazıçını soruşanda, ondan əsasən sitatlar gətirir.
Ədəbiyyatı oxumaq üçün isə mənə görə ən yaxşı vaxt təyyarədə səyahət zamanıdır. Həm vaxtı düzgün və səmərəli dəyərləndirməkdir, həm də ən sakit, ədəbiyyatın daha rahat dərk olunması üçün əlverişli məqamdır. Ədəbiyyat insanın tək olduğu, öz-özüylə baş-başa qaldığı zaman daha çox zövq verir. Amma mən elə insanlardanam ki, nadir halda tək qalıram, özüm də yanımda insanların çox olmasına üstünlük verirəm. Amma təyyarəyə minəndə çox vaxt istər-istəməz tək oluram və bu zaman kəsiyindın də səmərəli istifadə etməyə çalışıram. Elə olub ki, təyyarəyə minən andan oxuduğum kitaba elə aludə olmuşam ki, zamanın necə keçdiyini belə hiss etməmişəm. İşlərimə görə təyyarədən çox istifadə etdiyimi nəzərə alsaq, ədəbiyyata kifayət qədər zaman ayırdığım qənaətinə də gəlmək olar.
"Sonrakı peşmançılıq itirilən, boşa keçən zamanı geri qaytarmayacaq”
İnsanlara zamanla bağlı nə tövsiyə edərdiniz?
Düşünürəm ki, insanın həyatı elə zamandan ibarətdir. Bu, bir tərəfdən bioloji zamandır ki, onu dəyişməyə insanın iqtidarı çatmaz, ikinci tərəfdən isə bu bioloji zamanın texniki və praktiki baxımdan necə istifadə etməyi və istiqamətləndirməyi bilməliyik. Vaxta təmbəlcəsinə yanaşan, bu günün işini sabaha qoyan insanları sevmirəm. Yaxud hər şeyi də taleyə, alın yazısına bağlayan insanları da anlamıram. Əlbəttə tale faktoru var, amma bu o demək deyil ki, hərəkətsiz və fəaliyyətsiz dayanmalısan. Tövsiyəm odur ki, verilən imkanlardan, vaxtdan səmərəli istifadə etsinlər. Xüsusən də, gənclər asudə vaxtlarını səmərəli təşkil etsinlər ki, digər məsələlərə də kifayət qədər zaman ayıra bilsinlər. Bu bizim gənclər proqramında da əks olunub. Asudə vaxtların düzgün və faydalı təşkili bizim prioritet məsələlərimizdəndir. Çünki, sonrakı peşmançılıq itirilən, boşa keçən zamanı geri qaytarmayacaq.
Biz də "Ədalətin” vaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.
Modern.az