
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov bu yaxınlarda Rusiya Dumasının keçmiş vitse-spikeri, Rusiya Ümummilli İttifaqı Partiyasının sədri Sergey Baburinlə görüşüb. Bu barədə Modern.az saytına müsahibəsində Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə məlumat verib. Araz Əlizadə bildirib ki, özünün də iştirakı ilə üçlükdə bir yerdə görüşüb müxtəlif siyasi məsələlərlə bağlı söhbətlər aparıblar.
Araz Əlizadə Sergey Baburinin Ayaz Mütəllibovun həbsdən azad etməsi ilə bağlı tarixi epizoda da diqqət çəkib: “O vaxt Ayaz Mütəllibovu Moskvada həbs etmişdilər və Azərbaycana təhvil vermək istəyirdilər. Sergey Baburin o zaman Rusiya Dövlət Dumasının sədr müavini idi. Mənim xahişimlə, Sergey Baburin gecə ilə Ayaz Mütəllibovun Azərbaycana təhvil verilməsinin qarşısını aldı”,-deyə Araz Əlizadə bildirib.
Qeyd edək ki, Sergey Baburin bu ilin sentyabr ayının sonlarında Azərbaycanda olub. O, İvanovo Beynəlmiləl Uşaq Evinin məzunlarından ibarət nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olub.
8 dekabr 1991-ci ildə Ukrayna prezidenti Leonid Kravçuk, Rusiya prezidenti Boris Yeltsin, həmçinin Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç “Belovejsk meşəsi” adlı ərazisində yerləşən Viskuli hökumət iqamətgahında üçtərəfli Razılıq Müqaviləsi imzalayıblar. Bununla da, SSRİ-nin dağılması ilə sənədə imza atılıb.
Sergey Baburin isə “Belovejsk müqaviləsi”nin parlamentdə təsdiq edilməsinə qarşı olanlardan biri olub. O, SSRİ-nin dağılmasının əleyhinə səs verib. Sergey Baburin 1993-cü ildə Rusiya prezidenti Boris Yeltsini hakimiyyətdən devirməyə cəhddə ittiham olunub.
O, 1993-2000 və 2000-2007-ci illərdə Rusiya Dövlət Dumasının sədr müavini olub.
Hazırda “Xalq deputatları” Assosiasiyasının prezidentidir.
Qeyd: ASDP sədri Araz Əlizadə ilə müsahibənin tamamını Modern.az-da oxuya bilərsiniz. Müsahibə tezliklə sayta yerləşdiriləcək.
Aqşin Kərimov