Modern.az

Sosial sığorta ödənişlərinin avtomatlaşdırılması Azərbaycanı “Doing Business 2015” hesabatında 32 pillə irəli çəkdi

Sosial sığorta ödənişlərinin avtomatlaşdırılması Azərbaycanı “Doing Business 2015” hesabatında 32 pillə irəli çəkdi

Təhsil

10 Noyabr 2014, 17:32

Sığorta-pensiya sistemində avtomatlaşmanın Azərbaycana verdiyi töhfə

Sosial sığorta haqqı ödənişlərinin və hesabatlarının avtomatlaşdırılması nəticəsində Azərbaycan “Doing Business 2015” hesabatında 32 pillə irəliləyib. “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. “Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Ötən dövr ərzində bütün zəruri işlər görülərək məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapıb. Digər tərəfdən, bütün bunlar sosial sığorta ödəyicilərinin aktiv iştiraka cəlb edilməsi istiqamətində həyata keçirilən islahat tədbirləridir. Bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb.

Sığorta-pensiya sistemində aparılan islahatlar

Sığorta-pensiya sistemindəki islahatlar uğurla davam etdirilir. Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

Fond İKT-dən istifadə etməklə vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr tətbiq edib ki, nəticədə məcburi dövlət sosial sığortası sahəsində şərti yığımı təmin edəcək sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması tam təmin edilib.

Fond sistemində bu sahədə həyata keçirilən əhəmiyyətli tədbirlər həmçinin elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsinə və İKT-nin tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılmasına yönəlib. Avtomatlaşdırılmış idarəetmə sisteminə keçidlə DSMF kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanına malik olub. Bu isə rəsmiləşmələrin daha dəqiq aparılmasına və onların istənilən zaman əldə edilməsinə şərait yaradıb.

Uğurlu islahat - kart sistemindən istifadəyə keçid

Azərbaycanın sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri 2004-cü ildən etibarən pensiyaların ödənişində kart sisteminin tətbiqidir. Bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılıb. Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 %-i plastik kartlarla aparılır. Bu məqsədlə respublika ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomat qurulub. DSMF sədri Elman Mehdiyev açıqlamasında daha 300 bankomatın gətirildiyini də bildirib.

Hazırda DSMF-nin fərdi uçot sistemində 2 milyon 886 mindən çox şəxs qeydiyyatdadır. Sığortaedənlər tərəfindən ödənilən sosial sığorta haqlarının hər bir şəxs üçün açılmış fərdi

hesabda fərdi uçotu aparılır və təyin olunan pensiyalar bu uçot məlumatları əsasında reallaşdırılır. Bu o deməkdir ki, hər bir şəxs öz pensiya məbləğinin formalaşmasında birbaşa iştirak edir. Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafə Fondunun saytı (www.sspf.gov.az), həm də “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər ki, bu da işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir.

“Elektron hesabat” ən fəal istifadə olunan elektron xidmət

“Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir. Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan “Elektron hesabat” xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanına malikdirlər.

Bu sahədəki uğurlardan ən başlıcası isə ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi uğurla təmin edilib. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Beləliklə, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatıb.

Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 2 milyon 800 min nəfərdən çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin edib. Bütün bunlar dünyada iqtisadi böhranın sosial mərhələsinin davam etdiyi hazırkı şəraitdə Azərbaycanda pensiya proqramlarının vaxtında və tam icra edilməsinə birbaşa təsir göstərməkdədir.

Pərvin Arzuqızı

Bu yazı Dövlət Sosial Müdafiə Fondunun keçirdiyi “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” mövzusunda müsabiqəyə təqdim olunur.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı