Ermənistanlı politoloq Andreas Qukasyan Gürcüstandakı siyasi situyasiya ilə bağlı maraqlı şərh verib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qukasyan Gürcüstanda son nazir istefalarını keçmiş prezident Mixail Saakaşvili və sabiq baş nazir Bidzina İvanişvili arasındakı gizli qarşıdurmanın nəticəsi kimi dəyərləndirib:
“Hesab etmirəm ki, Rusiya ilə bağlı geosiyasi hadisələr Gürcüstanın daxili işlərinə təsir göstərib. İrakli Alasaniyanın istefası öncədən hazırlanan ssenari idi. Çünki o sabiq prezident Mixail Saakaşviliyə loyal münasibətilə seçilirdi. Saakaşviliyə qarşı cinayət işi açıldığı üçün Gürcüstandakı nazirlər də seçim qarşısında idilər: ya hakimiyyəti seçməli, ya da koalisiyadan çıxmalı. Alasaniya qətiyyətsizlik etdi və buna görə istefaya göndərildi”.
Andreas Qukasyanın fikrincə, Gürcüstanda baş verənlər oliqarxlarla dövlət arasındakı münasibətlərin nəticəsi idi: “Bidzina İvanişvili heç bir vəzifə, yaxud məsuliyyət daşımasa da, gürcü ictimaiyyəti onun ölkənin siyasi həyatına nə dərəcədə böyük təsir göstərdiyinin şahidi oldu. Reallıq onu göstərdi ki, de-fakto prezident İrakli Marqvelaşvili deyil, Bidzina İvanişvilidir”.
Erməni politoloq sonda İvanişvilini dövlətin bir sıra subyektlərini satın alaraq hakimiyyətə gələn və bunun sayəsində Gürcüstanın daxili siyasətinə təsir göstərən dövlət xadimi adlandırıb.
Modern.az