Bu gün Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı ümumrespublika bilik yarışı keçirilib. Mərkəzdən Modern.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği məqsədi daşıyır.
Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər ali məktəb bir komanda ilə təmsil olunub. Ümumilikdə yarışda 44 komanda olmaqla 264 tələbə iştirak edib. Yarışdan əvvəl ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı nitqinin videolenti nümayiş etdirilib. Daha sonra tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli qeyd edib ki, bu bilik yarışı formatına və məzmununa görə fərqlənir.A.Kərimli bildirib ki, yarış həm ulu öndər Heydər Əliyevin fəaliyyətini, həm də Azərbaycanın əsas tarixi hadisələrini əhatə edir: “Ulu öndər tarix yaratmış şəxsiyyətlərdəndir və həqiqətən də diqqət yetirsəniz, Azərbaycan tarixinin ən mühüm hadisələri məhz ulu öndərin adı ilə bağlıdır. Azərbaycan və Heydər Əliyev adları ayrılmazdır”.
12 noyabrın Azərbaycanda Konstitusiya günü olduğunu xatırladan A.Kərimli vurğulayıb ki, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli lider bu Konstitusiyanın qəbulunda, onun layihəsinin hazırlanmasında lap əvvəldən iştirak edib, bu işə gərgin əmək sərf edib, onun ərsəyə gəlməsində və dünyada qəbul edilən konstitusiya formatları içərisində mükəmməl hüquqi və siyasi sənəd olmasında böyük rol oynayıb”.
Münsiflər heyətinin üzvləri - Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, təhsil nazirinin müşaviri Hüseyn Əliyev, AMEA-nın Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri Ədalət Qasımov da bu yarışın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıblar.
Daha sonra tələbələrin yarışa hazırlığını əks etdirən qısa videoçarx nümayiş etdirilib. Qeyd edək ki, yarış ərəfəsində bütün komandalar Heydər Əliyev Mərkəzini ziyarət edərək, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar, foto və video materiallar əsasında araşdırma aparıblar.
Üç turdan ibarət və gərgin mübarizə şəraitində keçən yarışın qalibi 35 xal qazanan Bakı Slavyan Universiteti olub. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası 32 xalla ikinci, Lənkəran Dövlət Universiteti isə 31 xalla 3-cü yeri tutub.
Sonda qalib gələn komandalar mükafatlandırılıb. Bütün iştirakçı komandalara isə sertifikatlar verilib.




Modern.az