“Azərbaycanla İran arasındakı münasibətlər istiləşməyə doğru gedir və strateji səviyyəyə qalxmaq istəyir. Amma bu gün həmin münasibətlərin strateji səviyyədə olduğunu söyləmək çətindir. Çünki iki ölkə arasındakı ticarət münasibətləri qənaətbəxş səviyyədə deyil. Həmçinin siyasi münasibətlərdə də müəyyən problemlər var”.
Bunu Modern.az saytına keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini şərh edərkən deyib. Ekspert bildirib ki, İranın vizasız gediş-gəliş tətbiq edilməsi tələbinin reallaşmasına Azərbaycan hazır deyil.
Qabil Hüseynlinin fikrincə, vizasız gediş-gəliş Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi xətalar törədə bilər. Siyasi təhlilçi İranın Azərbaycanla münasibətlərini inkişaf etdirməsini istəməsi fonunda rəsmi Tehranın Ermənistanla bağlı siyasətini isə tənqid edib:
“İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe tənqidə layiqdir. İran həmişə Ermənistanın tam şəkildə blokadaya alınmasına imkan verməyib. İndi isə İrandan Ermənistana dəmir yolu xətti çəkilir. Bu dəmir yolunun Abxaziya vasitəsi ilə Rusiyaya birləşdirilməsi məsələsi də gündəmdədir. Üstəlik İrandan Ermənistana qaz kəməri çəkilməsi də nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsini başa düşmək olar, amma dəmir yolu xəttinin çəkilişi Rusiyanın bölgədə möhkəmlənməsinə daha çox yardımçı olacaq. Bu isə Azərbaycanla İran arasındakı inkişaf edən strateji əməkdaşlıq xətlərinin müəyyən qədər ləngiməsinə səbəb ola bilər”.
Keçmiş dövlət müşaviri hesab edir ki, bu baxımdan İranla Azərbaycanın münasibətləri tam olaraq relsə oturmayıb. “İki ölkə arasındakı münasibətlərin bir çox sahəsi yalnız söz səviyyəsində qalıb”.
Qeyd edək ki, Bakıda səfərdə olan İran prezidenti Həsən Ruhani ötən gün Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşüb.
Aqşin Kərimov