Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ötən gün qoşunların təmas xəttində Azərbaycan tərəfinin Ermənistan ordusuna məxsus helikopteri vurmasına münasibət bildirib.
Modern.az saytının Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə KTMT-nin baş katibİ Nikolay Bordyuja baş vermiş hadisə ilə bağlı açıqlama verib.
KTMT rəsmisi hesab edir ki, baş vermiş hadisə regionda vəziyyətin gərginləşməsinə təhrik edir. “Dağlıq Qarabağ münaqişəsi zonasında helikopterin məhv edilməsi yeni eskalasiya təhlükəsi yaradır. Bu təhlükəli hadisə regionda vəziyyətin sonrakı gərginləşməsinə təhrikdir və bizim narahatlığımızı gücləndirir”,-deyə bildirilib.KTMT-nın baş katibi Nikolay Borduya bildirib ki, vəziyyətin təhlükəli xarakter almamasına ehtiyac duyulduğuna əmindir: “Güc tətbiqindən atəşkəsin dayandırılmasına dair razılıqlara ciddi əməl etmədən belə hadisələrin qarşısını almaq olmaz. Dağlıq Qarabağ probleminin nizama salınması üzrə aparılan danışıqlar prosesinin davamını təmin etmək əhəmiyyətlidir”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistan tərəfindən imzalanıb.
1993-cü il sentyabrın 24-də Azərbaycan, sentyabrın 9-da Gürcüstan, dekabrın 31-də isə Belarus bu sazişi imzalayıb. Müqavilə 1994-cü il aprelin 20-də qüvvəyə minib. Beş il üçün nəzərdə tutulan sazişin sonradan uzadılması nəzərdə tutulurdu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan KTMT-də daha beş il qalmaqdan imtina edib və sazişi imzalamayıb.
2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb.
Aqşin Kərimov