Milli Məclisin deputatı Vahid Əhmədov Quba rayonunda seçiciləri ilə görüşüb. Modern.az xəbər verir ki, görüş zamanı Milli Məclisdəki fəaliyyəti barədə məlumat verən deputat əvvəlki qəbullar zamanı seçicilərinin qaldırdığı bir çox məsələlərin həlli istiqamətində görülən işlərdən də danışıb.
Qeyd edilib ki, seçicilərin qaldırdığı problemlərdən sonra rayonun bir neçə yaşayış məntəqəsinə su çəkilib, uşaq bağçalarının tikintisi, yolların abadlaşdırılıb. Görüşdə digər işlərin görülməsi istiqamətində deputatın təşəbbüsü ilə icra olunan layihələr barədə də məlumat verilib. Vahid Əhmədov görüşdən sonra 32 nəfər Quba sakinini öz ofisində qəbul edib. Seçicilər mənzillə təmin olunma, torpaqların paylanması, həbs edilənlərin əfv olunması, kreditlərin verilməsi, işlə təmin olunma və digər problemləri qaldırıblar.
Deputat problemlərin tez bir zamanda həlli üçün tədbirlər planı müəyyən edib. Qəbula gələn Quba rayon sakini - güləş üzrə dünya çempionu Musa Mirzəyevin gələcək planları barəsində fikirlərinə müsbət yanaşan deputat elə yerindəcə rayon İcra Hakimiyyəti ilə birgə vacib olan bir neçə məsələni həll edib.
Məlum olub ki, bundan əvvəl qəbula gələn Hikmət Həsənov deputatın köməyi ilə rayon sosial təminat şöbəsində işə düzəlib. Qəbuldan sonra Vahid Əhmədov rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşüb, rayonda aparılan quruculuq işləri ilə tanış olub.




Modern.az