Modern.az

Prezident yeni köçkün qəsəbəsinin açılışında olub - FOTOLAR

Prezident yeni köçkün qəsəbəsinin açılışında olub - FOTOLAR

Təhsil

14 Noyabr 2014, 20:45


Noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhəri ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.

2003-2014-cü illərdə məcburi köçkünlər üçün 87 müasir qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və həyət evləri tikilib, 42 min məcburi köçkün ailəsi və ya 210 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illər ərzində hərtərəfli infrastruktura malik onlarla məktəb, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə ümumilikdə 5,1 milyard manat vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Həmin vəsaitin 1,8 milyard manatı Dövlət Neft Fondunun xətti ilə ayrılıb. Görülən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizə düşüb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni qəsəbə barədə məlumat verib. Bu qəsəbə Prezidentin 2004-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci ildə imzaladığı sərəncamla təsdiq edilmiş əlavələrə əsasən inşa olunub.

Qəsəbə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşir. 60 hektar sahəni əhatə edən qəsəbədə 600 ev, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbədə Kəlbəcər rayonundan və Xocalıdan ölkənin müxtəlif ərazilərində, o cümlədən Gəncə şəhərində və Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər yaşayacaq.

Prezident İlham Əliyev 50 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Bildirilib  ki, bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Dövlət başçısı Xocalı rayon Kosalar kənd tam orta məktəbində də olub.

Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılıb. Burada yarımstansiyalar genişləndirilib, komplektləşdirilmiş transformator yarımstansiyaları quraşdırılıb, uzunluğu 30 kilometrdən çox olan su kəməri çəkilib, nasosxana binası inşa olunub. Qəsəbəyə uzunluğu təqribən 25 kilometr olan qaz xətti çəkilib və 6 qaztənzimləyici məntəqə yaradılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub.

Prezident İlham Əliyev yeni qəsəbədəki mənzillərdə yaradılan şəraitlə də tanış olub. Burada 60 birotaqlı, 255 ikiotaqlı, 230 üçotaqlı və 55 dördotaqlı mənzil var.

Dövlət başçısı məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitdən razılığını bildirib.










Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı