Modern.az

Seçici fəallığı bu il necə olacaq?

 Seçici fəallığı bu il necə olacaq?

Təhsil

20 Oktyabr 2014, 17:49

Təxminən iki ay sonra Azərbaycanda növbəti dəfə bələdiyyələrə seçki keçiriləcək. Həm ekspertlər, həm də siyasətçilərin özləri etiraf edirlər ki, bu seçkiyə cəmiyyət tərəfindən maraq azdır.

Bələdiyyə seçkilərinin Azərbaycanda sönük keçməsinin səbəbi nədir? Seçkilərdə seçici fəallığı məsələsində araşdırmaçılar nə düşünür? Modern.az bəzi ekspertlərlə bu barədə söhbət aparıb. Əvvəlcə onu qeyd edək ki, seçici fəallığı ilə bağlı təhlilçilərin fikirləri fərqlənir. Bəziləri yerli özünüidarəetmə orqanlarına seçkilərə marağın az olduğunu qeyd etsə də, bəziləri təhlilçilər bu ilki fəallığının artacağını proqnozlaşdırır. 

Saytımıza danışan ekspertlər seçkiyə marağın az olmasını cəmiyyətdə bələdiyyələrə "inamın olmaması", bəziləri bələdiyyələrin səlahiyyətlərinin məhdud səviyyədə olması və maliyyə imkanlarının zəifliyi ilə əlaqələndirirlər. "Bələdiyyələrin inkişafı naminə" QHT Alyansının koordinatoru Abil Bayramov seçici fəallığının azlığını bələdiyyələrin sakinlərə onların gözlədiyi xidməti göstərməməsi və siyasi partiyaların bu seçkilərə maraq göstərməməsi ilə əlaqəli olduğunu deyir. Onun sözlərinə görə, 2009-cu ildə keçirilən seçkilərdə rəsmi məlumata görə də seçici fəallığı aşağı olub.

"Əgər seçkilərə qədər bələdiyyələrin maliyyə imkanlarının artması ilə bağlı dəyişikliklər edilərsə, səlahiyyətləri artırılarsa və siyasi partiyaların iştirakçılığı artarsa o zaman müəyyən qədər seçici fəallığı müşahidə oluna bilər. Amma hal-hazırki situasiyada bu müşahidə olunmur", ekspert qeyd edib.

İki ay ərzində nələr dəyişə bilər? 

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli seçici fəallığının seçkiyə qədər artacağını proqnozlaşdırır. Onun sözlərinə görə, bələdiyyələrdə korrupsiya hallarına yol verilmədiyi, ayrılan vəsaitin düzgün istiqamətdə xərcləndiyi və bələdiyyə əhalinin cüzi bir problemini həll edəcəyi halda seçkilərə maraq artmış olardı. "Bu il fərqli olacağını güman edirəm. Son iki ay müddətində bələdiyyə ilə bağlı müəyyən dəyişiklər olacaq ki, bu da maliyyə ilə bağlıdır. Əmlak vergisi ilə bağlı bələdiyyə büdcəsinin perspektivdə artacaq və müəyyən mənada diqqəti və marağı artmış olacaq", o əlavə edib. Ekspert namizədlərin qeydiyyatı və təbliğat kampaniyasının başlaması ilə cəmiyyətdə seçkilərə münasibətin dəyişəcəyini deyir.

Qanunları dəyişmək olar

2014-cü ilin dekabrında Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri seçki qanunvericiliyində islahatlar üçün yaxşı imkandır. Bu fikri isə “Hüquq və İnkişaf” ictimai birliyinin rəhbəri Hafiz Həsənov bildirib.

Onun fikrincə, hazırki qanunvericilik bələdiyyə seçkilərinin keçirilməsi üçün demokratik şərtləri təmin etmir.

Ekspert qeyd edib ki, Azərbaycanda bütün seçkilərin və referendumların keçirilməsi Seçki Məcəlləsi ilə tənzimlənir. Bu sənədin ümumi hissəsi universal xarakter daşıyır. Bununla əlaqədar olaraq, seçki islahatları 2015-ci ildə keçiriləcək parlament seçkiləri nöqteyi-nəzərdən də zəruridir. Seçki Məcəlləsində islahatlar üçün ATƏT DTİHB-nin 2013-cü il 9 oktyabr prezident seçkilərinin yekunları ilə bağlı verdiyi tövsiyələr əsas ola bilər. Bu tövsiyələr, eləcə də ATƏT DTİHB-nin əvvəlki təklifləri bütün səviyyələrdə seçki komissiyalarının formalaşdırılması prinsipinin dəyişdirilməsini nəzərdə tutur. 

Bu zərurəti 2010-cu il parlament seçkilərində 21 seçki dairəsində vətəndaşların seçki hüquqlarının pozulduğunu etiraf etmiş Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları da diktə edir. Buna görə dairə seçki komissiyaları və nöqsanları aradan qaldırmayan MSK məsuliyyət daşıyıb. Bütün bunlar hazırki seçki komissiyaları formatının qeyri-səmərəli olduğunu göstərir, Həsənov belə hesab edir.

ATƏT DTİHB həmçinin seçki komissiyalarını aparıcı siyasi qüvvələrin iştirakı ilə tarazlaşdırılmış əsaslarla formalaşdırmağı tövsiyə edir. Bu prinsip qəbul edilərsə, seçki komissiyalarının formalaşdırılmasının müxtəlif variantları tətbiq edilə bilər. Xüsusən, komissiyaların parlamentdə təmsil edilmiş, habelə Milli Məclisə əvvəlki seçkilərdə müəyyən sayda səs qazanmış siyasi qüvvələrin iştirakı ilə formalaşdırılması tövsiyə olunur. 

Müstəqil ekspertlərə üstünlük verək

Başqa bir variant seçki komissiyalarının siyasi qüvvələr arasında konsensus əsasında müstəqil ekspertlərdən formalaşdırılması ola bilər. Bu prinsipi müxalifət partiyaları da dəstəkləyir və AŞ Venesiya Komissiyası da bunu tövsiyə edib. Digər zəruri düzəliş şikayətlərə baxılması qaydalarının dəyişdirilməsidir. Onlara seçki komissiyaları nəzdindəki ekspert qruplarının deyil, müstəqil qrupların baxması təklif edilir. Şikayətlərə məhkəmələrdə baxılması qaydalarında da dəyişikliklər tələb olunur. Onlar kimi pozuntular haqqında aktların surətlərinə hüquqi dəlil kimi baxmalıdırlar. Məsələ ondadır ki, çox vaxt MSK aktların orijinallarını ərizəçilərə qaytarmır və onlar surətləri təqdim etmək məcburiyyətindədirlər.

Hafiz Həsənov həmçinin seçki kampaniyası müddətinin 60 gündən 90 günə qədər artırılmasını da zəruri hesab edir.

Ekspert bələdiyyə seçkiləri ilə bağlı dəyişikliklər də təklif edir. O, siyasi partiyalardan bələdiyyə şuralarına namizədlərin qeydiyyatı prosedurunu da sadələşdirməyi mühüm hesab edir.

Onun fikrincə, bələdiyyə sistemində də islahatlar aparılmalıdır. Hazırda bələdiyyələr real səlahiyyətlərdən məhrumdur və hakimiyyət icra qurumlarına məxsusdur. H.Həsənov hesab edir ki, bələdiyyə seçkilərinə qədər Seçki Məcəlləsində islahatlar üçün hələ kifayət qədər vaxt var. Hakimiyyətin, siyasi partiyaların, ekspertlər birliyinin və beynəlxalq təşkilatların əməkdaşlığı ilə Seçki Məcəlləsinə zəruri dəyişiklikləri və əlavələri işləyib hazırlamaq və qəbul etmək olar.

Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlərin təbliğat-təşviqat kampaniyası bələdiyyə seçkilərinə 23 gün qalmış başlayacaq, seçkilərə 1 sutka qalmış - yəni dekabrın 22-də saat 24:00-da başa çatacaq.

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu ildə keçirilib.

Pərvin Məmmədova

 

p.s. Yazı “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra etdiyi “Bələdiyyə seçkiləri ilə bağlı bölgələrdə əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı