Bu il dekabrın 23-də ölkə üçün taleyüklü hadisələrdən biri – bələdiyyə seçkiləri baş tutacaq. Azərbaycanda demokratik inkişafın əyani ifadəsi olacaq bu seçkilərə hansı partiyalar qatılacaq? Bu haqda partiyaların özlərindən məlumat almışıq. Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində ötən seçkilərdə göstərdiyi nəticələri təkrarlamalı, daha uğurlu nəticə ortaya qoymağa çalışmalıdır. Bunu YAP sədrinin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərində təmsil edəcək bütün namizədlərin və səlahiyyətli nümayəndələrin siyahısı hazırlanıb: “Partiyada dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlıq gedir. Artıq YAP-ın namizədlərinin və səlahiyyətli nümayəndələrinin siyahısı hazırlanıb. Partiyanın İdarə Heyətinin toplantısında namizədlərin irəli sürülməsi, səlahiyyətli nümayəndələrin təyin olunması məsələləri öz həllini tam tapacaq”.
YAP rəsmisi qeyd edib ki, bələdiyyə institutunun daha da təkmilləşdirilməsi seçkilərdən keçir. Buna görə də qarşıdan gələn bələdiyyə seçkilərində vətəndaşların düzgün seçimi vacibdir: “İndiki zamanın tələbi odur ki, qabiliyyətli, təşkilatçı, təcrübəli, hörmətli insanların yerli özünüidarəetmə orqanlarına seçilsinlər. Hər bir vətəndaş bunu qiymətləndirməlidir”.
Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyasının seçki platformasında bələdiyyə orqanlarına seçkilərdə gənclərin və qadınların namizədliklərinin irəli sürülməsi və müdafiəsi istiqamətində xüsusi təkliflər var. Ə.Əhmədov vurğulayır ki, bu gün bələdiyyə orqanlarına seçilənlər arasında gənclərin və qadınların sayı çox azdır. Halbuki, əhali ilə daimi ünsiyyətdə, gündəlik qayğıların mərkəzində olan bələdiyyə idarəetmə sistemində gənclərə meydan verilməsi onların formalaşması, ictimaiyyət arasında tanınmaları, təcrübə toplamaları, insani münasibətləri dərk edib qiymətləndirmələri üçün əhəmiyyətlidir.
Liberal Partiya bələdiyyə yox, parlament seçkilərinə gedir
Digər partiyalara gəlincə, Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etməyi planlaşdırdıqlarını deyib. Bundan fərqli olaraq, bələdiyyə seçkilərində iştirak etmək niyyəti yoxdur. Əvəz Temirxanın fikrincə, bələdiyyə seçkiləri Azərbaycanda digər seçkilər kimi cəlbedici deyil: “Çox güman ki, bu seçkilərdə iştirak etməyəcəyik. Amma partiyanın üzvləri könüllü namizəd ola bilərlər”.AMİP də qərarını verib
AMİP Siyasi Şurasının son iclasında dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində partiya üzvlərinin iştirakı ilə bağlı müzakirələr aparılıb. Partiyadan Modern.az-a bildirilib ki, müzakirələr zamanı yerli qanunvericilik orqanları ilə əlaqədar mövcud qanunların icra edilməməsi səbəbindən bələdiyyələrin icra strukturlarının əlavəsinə və real gücü olmayan əhəmiyyətsiz qurumlara çevrilməsi xüsusi olaraq vurğulanıb. İclas iştirakçıları bələdiyyələrin statusunun artırılması və onların yerlərdə real yerli hakimiyyətə çevrilməsi üçün siyasi partiyalar, vətəndaş cəmiyyətləri və cəmiyyətin digər təbəqələri ilə müzakirələrin keçirilməsi və seçkiqabağı demokratik mühitin formalaşması istiqamətində birlikdə mübarizə aparmağın zəruriliyini diqqətə çatdırıblar.
Qeyd edilənlərlə yanaşı, Siyasi Şura üzvləri tərəfindən yekdilliklə bələdiyyə seçkilərində iştirakın vacibliyi vurğulanıb. İclasda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar AMİP Siyasi Şura, Mərkəzi Şura üzvlərinin və partiya katiblərinin regionlara nəzərdə tutulan səfərləri və növbəti il üçün yerli təşkilatların qarşısında duran vəzifələrlə bağlı müvafiq qərarlar qəbul edib.
“Ümid” də seçiyə ümidlidir
Ümid partiyası da artıq bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. Modern.az xəbər verir ki, Partiyanın mərkəzi strukturları seçkidə iştirakla bağlı sənədləri MSK-ya təqdim edəcək. Partiyanın hədəfi seçkidə minimum 900 bələdiyyə subyekt üzrə namizədlərlə iştirak etmək və Seçki Məcəlləsinə uyğun olaraq pulsuz efir vaxtı almaqdır. Buna partiyanın potensialı çatır.
Qeyd edək ki, bu ilin əvvəlindən etibarən bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı partiya müxtəlif tədbirlər həyata keçirib. Partiya funksionerləri dəfələrlə rayonlara səfərlər ediblər, yerli təşkilatlar tərəfindən ilkin namizədlər siyahısı hazırlanıb, bələdiyyə subyektləri üzrə yeni özəklər və seçki qərargahları yaradılıb, regional müşavirələr və namizəd olacaq şəxslərlə görüşlər təşkil olunub, yerlərdə partiya fəallarına və namizəd olacaq şəxslərə partiyanın seçkilərə qatılmasının səbəbi və əhəmiyyəti izah olunub.
Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisi bələdiyyə seçkiləri ilə bağlı müraciət yayıb. Modern.az saytı xəbər verir ki, müraciətdə bələdiyyələr yarandığı gündən icra hakimiyyətinin əlavəsinə çevrilmiş qurum adlandırılıb. Qeyd edilib ki, zəruri qanunvericilik bazasının olmaması, mövcud qanunların icra edilməməsi və seçkilərin saxtalaşdırılması nəticəsində formalaşlan bələdiyyələr yerlərdə real gücü olmayan əhəmiyyətsiz qurumlara çevrilib.
KXCP yerli idarəetmə orqanlarının demokratik yollarla formalaşması və fəaliyyət göstərməsi, 2014-cü il bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün aşağıdakı təklifləri irəli sürüb:
-Seçki Məcəlləsində beynəlxalq təşkilatların tövsiyyələrinə uyğun dəyişiklik aparılması, seçki komissiyalarının siyasi qüvvələrin iştirakı ilə tarazlaşdırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, seçkiqabağı demokratik mühitin yaradılması, seçki günü saxtakarlıqların qarşısının alınması, seçki şikayətlərinin obyektiv araşdırılmasının təmin edilməsi və icra hakimiyyəti orqanlarının seçkilərə qanunsuz müdaxilələrinin qarşısının alınması üçün zəruri tədbirlər görməyi hakimiyyətdən tələb edir.
- Siyasi partiyaları, vətəndaş cəmiyyətini, ziyalıları, gəncləri, qadınları, cəmiyyətin bütün təbəqələrini 2014-cü il bələdiyyə seçkilərində fəal iştiraka, seçkilərin bütün mərhələlərində yüksək fəallıq göstərməyə, seçki saxtakarlıqlarının qarşısını almaq üçün fədakarlıq göstərməyə, bələdiyyələrin real yerli hakimiyyətə çevrilməsi üçün ardıcıl mübarizə aparmağa çağırır.
Və nəhayət, Böyük Quruluş Partiyası da bələdiyyə seçkilərində iştirakına qərar verib.
Onu da qeyd edək ki, hazırda həm MSK tərəfindən, həm də hüquq-mühafizə orqanları bələdiyyə seçkilərinə hazırlıq işlərini davam etdirirlər. Daxili İşlər Nazirliyindən bildiriblər ki, Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçki komissiyalarının işini pozacaq hər hansı güc yoxdur və belə hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq.
Qeyd olunub ki, Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar DİN tərəfindən bir sıra müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Bundan əlavə, polis orqanlarının sayıqlığının artırılması, onların təlimatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin, qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək. Ən son seçki bülleteni təhvil verilənədək polis orqanları seçki komissiyalarının çağırışına reaksiya verməyə tam hazır
olacaq. Problemli məsələlərlə bağlı müraciət daxil olarsa, onlara dərhal reaksiya veriləcək və həll olunacaq.
Pərvin Arzuqızı
p.s. Yazı “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra etdiyi “Bələdiyyə seçkiləri ilə bağlı bölgələrdə əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.